|
Xüsusi fiziki və fiziki-kimyəvi xassələrə
malik olan mürəkkəb tərkibli qeyri-üzvi yeni materialların alınmasının
qanunauyğunluqları müəyyən edilmişdir.
Elektronika üçün əhəmiyyətli olan yeni
çoxkomponentli materialların yaradılması üsulları nəzəri və təcrübi
yollar ilə işlənmişdir və uyğun sistemlərdə faza tarazlığının topoloji
qanunauyğunluqları müəyyən edilmişdir. Yaradılan mürəkkəb tərkibli
qeyri-üzvi materialların (mono- və polikristallar, şüşəvari nümunələr,
nazik təbəqələr, nanostrukturlar) fiziki, fiziki-kimyəvi və
termodinamiki xassələri tədqiq edilmiş və modelləşdirmə metodu ilə
əsas parametrləri hesablanmışdır. Alınan nəticələr sorğu kitablarına
və Beynəlxalq Elmi Məlumat Banklarına daxil edilmişdir. Hesablama və
modelləşdirmə metodları ilə çoxkomponentli qeyri-üzvi fazalar, neft
mühütündə və qazkondensatın iştirakı ilə olan əhəmiyyətli heterogen
sistemlərdə müxtəlif termokinetik şəraitdə gedən bəzi fiziki-kimyəvi
və texnoloji proseslərin termodinamikası, kinetikası, mexanizmi və
ümumi qanunauyğunluqları müəyyən edilmişdir. Qaz-su sistemində
qeyri-tarazlıqda və kritik hal yaxınlığında olan bəzi texnoloji
proseslərin kimyəvi və fiziki kinetikası, termodinamikası tədqiq
edilmiş, bir sıra effektiv texnoloji proseslərin yaradılması metodları
inkişaf etdirilmişdir. Təbii qaz-su sistemində qazhidratların
yaranması səbəbləri müəyyən edilmiş, bu sistemdə faza tarazlığı tədqiq
edilmiş və modelləşdirilmişdir.
Pambıq bitkisi əsasında, neft təsərrüfatı
üçün əhəmiyyətli olan, korroziya ingibitorları hazırlanmış və
praktikada sınaqdan keçirilmişdir. Öptimal tərkibli ingibitorların
müxtəlif şəraitdə xassələri tədqiq edilmiş və onların təsiri
mexanizmləri araşdırılmışdır. |