20 Yanvar faciəsinin bütün AMEA müəssisələrində qeyd olunması haqqında AMEA Rəyasət Heyətinin mövcud qərarına uyğun olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) faciə qurbanlarının xatirəsini anma mərasimi keçirildi. Mərasimdə çıxış edən ŞAR-ın əməkdaşları bildirdilər ki, Azərbaycan tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsi unudulmamalıdır. ”Bu, əli silahsız xalqın torpaq, vətən, müstəqillik uğrunda apardığı azadlıq mübarizəsi idi”.
Çıxış edənlər vaxt ötdükcə hadisələrə daha düzgün qiymət verməyin mümkünlüyünü önə çəkərək dedilər ki, bizdən fərqli olaraq ermənilər bu münaqişəyə təşkilatlanmış formada, xaricdən onlara edilən dəstəklə başladılar.
O dövrdə Azərbaycan haqqında informasiya boşluğunun mövcud olması məsələni daha da mürəkkəbləşdirirdi. Azərbaycanlıların tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən qovulması barəsində bir kəlmə belə qeyd etməyən o vaxtkı SSRİ mətbuatı və ədəbiyyatında, əksinə, müntəzəm olaraq “erməni əzabı” işıqlandırılırdı.
Tədbirin sonunda çıxış edən ŞAR-ın direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev bildiridi ki, baş verən hadisə nə qədər təhlil olunsa da, hələ də bizə məlum olmayan qaranlıq məqamlar mövcuddur. “Lakin bir şey məlumdur ki, ermənilər və onların havadarları bu münaqişədə Azərbaycanı alətə çevirə bilmədilər”.
Mərasim başa çatdıqdan sonra ŞAR-ın əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdilər və şəhidlərin məzarları üzərinə gül dəstələri qoydular.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.