AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi.
İclasda AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Qısaperihelli kometlərin mənşəyi” adlı elmi məruzə ilə çıxış etdi.
Ə.Quliyev “Qısaperihelli kometlərin mənşəyi” mövzusunda kompleks tədqiqat işində son illər kosmik texnikanın inkişafı sayəsində Günəş sistemində aşkar olunmuş ümumi sayı (2010-cu ilin əvvəlində) 1752 olan 4 yeni komet sisteminin araşdırıldığını, bu sistemlərə məxsus indiyədək 20-dən çox məlum olmayan qanunauyğunluğun aşkar edildiyini və onların izahının verildiyini söylədi. Alim bildirdi ki, bütün bunlar müvafiq sistemlərin yaranması barədə keyfiyyətcə yeni nəzəriyyə yaratmağa imkan verir və bu nəzəriyyəyə əsasən komet qrupları bir neçə protokomet cisminin meteor selləri ilə toqquşaraq yaranır. Mövcud klassik nəzəriyyədə protokomet cisimlərinin Günəş qravitasiyasının təsirindən parçalandığının iddia olunduğunu nəzərə çatdıran Ə.Quliyev meteor sellərinin xarakteristikasını hesablayaraq nəzəri təyin etdiyini, yeni bir komet qrupunu eyniləşdirməyə nail olduğunu və bir-birinə bağlı olan 5 komet cütlüyünü aşkar etdiyini qeyd etdi. O, alınmış elmi nəticələrin asteroid-komet təhlükəsi probleminin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini və bu tədqiqat işinin monoqrafiya şəkilində çapa hazırlanmış olduğunu nəzərə çatdırdı.
Elmi məruzə ətrafında müzakirələr aparıldı, alim akademiklər Mahmud Kərimov, Vaqif Fərzəliyev, Arif Həşimov, Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və fiz.-riy.e.n. Elçin Babayevin suallarını ətraflı cavablandırdı.
AMEA RH-ın qərarı ilə “Qısaperihelli kometlərin mənşəyi” mövzusunda kompleks tədqiqat işi monoqrafiya şəkilində “Elm” redaksiya-nəşriyyatı və oliqrafiya mərkəzində çap olunduqdan sonra rus və ingilis dillərində dünyanın aparıcı nəşriyyatlarında təkrar çap olunması tövsiyə olundu.
Sonra AMEA Şamaxı Astrofizika Rəsədxanasının 50 illik, akademik Musa Rüstəmovun 80 illik, kim.e.d. Qadir Əliyevin 75 illik və akademik Səfər Əsədovun 100 illik yubileylərinin keçirilməsi, AMEA-nın müxbir üzvü İradə Hüseynovanın, kim.e.d. M.Məmmədovun, kim.e.n. F.Abdullayevin, kim.e.d. N.Zeynalovun və tar.e.d. A.Məmmədovun Azərbaycan elminin inkişafında göstərdikləri nailiyyətlərə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmaları, AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi və Beynəlxalq Geodeziya və Geofizika İttifaqı nəzdində Azərbaycan Geodeziya və Geofizika komitəsinin yaradılması məsələləri müzakirə olundu və AMEA RH-ın qərarı ilə təsdiq edildi.
Sonda bir sıra kadr məsələlərinə də baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.