www.science.az
14.05.2019 17:00

Yüksək Texnologiyalar Parkında “Smart Home” MMC-nin nümayəndələri ilə görüş keçirilib

“Smart Home” MMC şirkətinin təsisçiləri Elşad Hüseynov və Elməddin Xəlilov AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət ediblər.

Məqsəd innovativ layihələrin birgə icra edilməsi imkanlarının və şirkətə “AMEA YT Parkın” rezidenti statusunun verilməsinin araşdırılması olub.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla görüşdə qonaqlara texnoparkın fəaliyyəti və rezidentlərinə şamil olunan güzəştlər barədə məlumat verilib.

Şirkət rəsmiləri isə öz növbəsində “Smart Home” MMC-nin ağıllı bina və ev avtomatlaşdırılması istiqamətində ixtisaslaşan, ən uyğun texnoloji həll yollarını müştəriyə təqdim edən qurum olduğunu bildirib. Bundan əlavə, MMC tərəfindən istehsal olunan “El Smart” markalı cihazların yerli mütəxəssislər tərəfindən proqramlaşdırıldığını diqqətə çatdırıblar.

Həmçinin bildiriblər ki, şirkət AMEA YT Parkın rezidenti olduqdan sonra hazırda bazarda mövcud olan sistemlərdən üstün, rəqabətədavamlı yerli istehsal həyata keçirəcək, o cümlədən servis xidmətlərinin operativliyini gücləndirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.