www.science.az
12.06.2019 12:22

Beynəlxalq konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzə dinlənilib

Polşanın Varşava Universitetində “İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın təşkilatçıları Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və universitetin Siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir. Tədbir Azərbaycanın Polşadakı səfirliyi, AMEA-nın Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə reallaşıb.

Konfransın açılışında Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər. Onun sözlərinə görə, sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan “26-lar”ın tarixini saxtalaşdırıb. Amma biz Mikoyan və oğlunun Hindistanın Milli Arxivində olmadığını, onların elmi ictimaiyyəti aldatdığını sübut etdik.

Daha sonra Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa təmsil etdiyi elmi qurum ilə Tarix İnstitutu arasında elmi əlaqələrin inkişafına görə Yaqub Mahmudova təşəkkür məktubu təqdim edib.

Beynəlxalq konfransda Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov “Azərbaycanlıların Ermənistan SSR ərazilərindən - tarixi torpaqlarından sürgün olunması insanlığa qarşı ağır cinayətdir” və elmi katib, t.ü.f.d. İradə Əliyeva “Şimal-Qərbi Azərbaycanda çar Rusiyasının zorakı dini siyasəti” mövzularında məruzələrlə çıxış ediblər. Bundan başqa, polyak alimlərinin “Xocalı soyqırımına dünyanın reaksiyası”, “Azərbaycan və Polşaya sovet hərbi müdaxiləsinin nəticələri” və digər mövzularda məruzələri dinlənilib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkoya həsr edilən xatirə lövhəsini də ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.