www.science.az
13.06.2019 12:18

Radiasiya Problemləri İnstitutunda 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının qadınlar şuralarının rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclası RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov açaraq rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, əldə olunan nəticələr və qurumun beynəlxalq əlaqələri haqqında məlumat verib. O, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimizin, müstəqilliyimizin tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu söyləyib.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayeva dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan xalqının çağırışı ilə ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi.

RPİ-nin Qadınlar Şurasının sədri, elmi işlər üzrə direktor müavini, dosent Rəvan Mehdiyeva çıxış edərək Heydər Əliyevin müasir dövlətçilik tariximizdə müstəsna xidmətlərindən, ölkəmizdə elmin inkişafına və alimlərin sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova, doktorant Fərqan Əsədov və digərləri çıxış edərək 1993-cü ildə ulu öndərin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə gənc alimlərin yetişdirilməsi, qadınların cəmiyyətdəki rolunun yüksəldilməsi, hüquq və maraqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyünü bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.