www.science.az
14.08.2019 12:01

“Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət işıq üzü görüb

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət çapdan çıxıb.

Lüğət AMEA Nəsimi adına Dilçilik İnstitutunun və Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarları ilə nəşr olunub.

Layihənin rəhbəri, eyni zamanda “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, özbək ədəbiyyatşünas, dilşünas alim Babaxan Şərif, professor Almaz Binnətova və şərqşünas-filoloq Şahista Kamranlıdır.

Nəşrin rəyçiləri AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun Lüğətşünaslıq şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Abduvahab Mədvəliyev, elmi məsləhətçiləri isə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.

Lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib. Hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.