www.science.az
03.09.2019 10:30

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlanılıb

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-tədqiqat işlərinin və kəşfiyyat qazıntılarının aparılması, həmçinin Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni, şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi ilə bağlı razılıq əldə edilib.

İlkin tədqiqatlar gələcəkdə burada aparılacaq arxeoloji qazıntıların istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.

İlk arxeoloji araşdırmalar ekspedisiyasının rəhbəri, t.ü.f.d. Akif Quliyevin başçılığı ilə Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində, Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq Muzeyi) yaxınlığında aparılıb. Tədqiqatlar nəticəsində qazıntı sahəsinin üst qatında son Orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərinə rast gəlinib, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 m təşkil etdiyi aşkar olunub.

İkinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində, gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb. Məlum olub ki, vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud olub, lakin təsərrüfat işləri nəticəsində sonradan mədəni təbəqə qarışıb. Qazıntı sahəsinin üst qatında Orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanmış əşyalara rast gəlinib.

Təsərrüfat işləri nəticəsində ərazinin üst qatı, cənub-şərq hissəsi dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalıb. Bundan başqa, qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 m olan qaya daşlarından hörülmüş tikili aşkar edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri, arxeoloq Fuad Hüseynov və memar Məhəmməd Nurməmmədovun yaxından iştirakı ilə tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdən qədim kanalizasiya xəttinin, yəni, qədim kürəbənd şəbəkəsinin izləri tapılıb. Bu xəttin eni 0,2 m təşkil edir və o, cənub istiqamətində uzanaraq əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti, hər tərəfi eyni ölçüdə olan, yastı qaya daşlarından hazırlanıb. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülüb.

Növbəti arxeoloji tədqiqatların Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.