www.science.az
12.09.2019 09:34

Görkəmli akademikin publisistikası - Məmməd Cəfər Cəfərov-110

Azərbaycan elmi fikri və ictimaiyyəti akademik Məmməd Cəfər Cəfərovu görkəmli elm xadimi, böyük ədəbiyyatşünas alim kimi qəbul etmişdir.

O, sözün əsl mənasında Azərbaycan ədəbiyyatşünaslıq elmi tarixində elmi məktəb yaratmış azsaylı görkəmli alimlərdən biridir. Bu görkəmli alimin bir çox elmi-nəzəri əsərləri əbədi olaraq Azərbaycanın elm tarixinə, necə deyərlər, elmimizin qızıl fonduna daxil olmuşdur.

"Mirzə Fətəli Axundzadənin ədəbi tənqidi görüşləri" mövzusunda yazıb uğurla müdafiə etdiyi namizədlik dissertasiyası Azərbaycanda ədəbi tənqidin tarixinə və nəzəriyyəsinə həsr edilmiş ən yaxşı monoqrafik tədqiqatlardan biri hesab edilir. "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyası ölkəmizdə ədəbi cərəyanlar haqında yüksək elmi-nəzəri səviyyədə yazılmış ən sanballı tədqiqat əsəri kimi qəbul olunur.

"Nizaminin fikir dünyası" kitabı nizamişünaslığın şah əsərlərindən biri olan mükəmməl bir monoqrafiyadır.

Məmməd Cəfər Cəfərovun "Füzuli düşünür" silsiləsi Azərbaycan ədəbiyyatşünaslıq elminin dünya füzulişünaslığına təqdim etdiyi mühüm elmi əhəmiyyətə malik olan orijinal tədqiqat əsəridir. Geniş elmi-nəzəri təhlilləri ilə seçilən məqalələri Azərbaycan ədəbi tənqidinin və milli ədəbiyyat nəzəriyyəsinin ən aktual problemlərinə həsr olunmuş sanballı elmi əsərlər kimi çox hallarda örnək olaraq göstərilir. Akademik Məmməd Cəfər Cəfərovun "XIX əsr rus ədəbiyyatı" adlı 3 cildlik dərsliyi nəinki Azərbaycanda, hətta Rusiyada ədəbiyyatın bu qızıl dövrünə həsr edilmiş ən yaxşı əsərlər sırasında yüksək qiymətləndirilir. Bir sözlə, akademik Məmməd Cəfər Cəfərov universal təfəkkürə və çoxcəhətli elmi fəaliyyətə malik Azərbaycan elmində görkəmli alim-mütəfəkkirdir.

Son illərdə üzə çıxardığımız dram və nəsr əsərləri, şeir yaradıcılığı və publisistikası akademik Məmməd Cəfər Cəfərovun görkəmli elm adamı olmaqla bərabər, həm də böyük yazıçı olduğunu da əyani şəkildə nümayiş etdirir. Şəxsi arxivindən və dövrü mətbuatdan aşkar etdiyimiz bədii əsərlərilə Məmməd Cəfər müəllim parlaq bədii istedada malik böyük bir yazıçı istedadında olduğunu isbat etmişdir. Gənclik illərində yazdığı şeirlər və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna həsr edilmiş "Bir mənzum məktuba cavab" poeması göstərir ki, əgər elm yolunu deyil, şeir yolunu tutsaydı, Məmməd Cəfər Cəfərov müasir Azərbaycan poeziyasının əsas yaradıcılarından biri səviyyəsinə yüksələ bilərmiş. Məmməd Cəfər Cəfərovun "Xatirələr" memuarı öz müəllifinin keşməkeşli taleyinin fonunda XX əsrin birinci yarısında Naxçıvan dövrünə ad sanballı bir roman, keçən yüzilliyin 30-40-cı illəri haqqında isə qiymətli sənədli povest təsiri bağışlayan yeni tipli mükəmməl bədii nəsr nümunəsidir. Bu əsəri ilə bədii nəsrdə də orijinallıq nümunəsi göstərən Məmməd Cəfər Cəfərov həyata, dövrə, insanlara tolstoyvari münasibəti ilə səciyyələn yazıçı kimi çıxış edir. Onun "Əntiqə adamlar" kitabına toplanılmış kiçik satirik hekayələr ədəbiyyatımızda bu janr sahəsində Mirzə Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin" ənənələrinin davamı kimi səslənsə də, mövzuları və bədii forması baxımından bir çox özünəməxsus xüsusiyyətlərə malik olan orijinal sənət nümunəsidir.

Məmməd Cəfər Cəfərov Azərbaycan dramaturgiyasının da qiymətli, yeni və əhəmiyyətli nümunələrini yaratmağa müvəffəq olmuşdur. Onun 1965-ci ildə yazdığı "Get dolangilən, xainsən hələ" tragikomediyası heç tərəddüd etmədən demək olar ki, ədəbiyyatımızda bu janrın ən mükəmməl örnəklərindən biri sayılmağa layiqdir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı və mübarizəsinə və məsləkdaşlarının çoxcəhətli fəaliyyətinə həsr olunmuş bu dram əsərində XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və milli azadlıq mübarizəsinin ən vacib məqamları əks etdirilib ümumiləşdirilmişdir. Məmməd Cəfər Cəfərovun dram əsərləri xarakterlər dramı olub, yazıldığı dövrlərin ictimai-siyasi və ədəbi-mədəni koloritini realist şəkildə əks etdirir.

Son vaxtlarda akademik Məmməd Cəfər Cəfərovun publisistika ilə də məşğul olmasına dair materiallar əldə edilmişdir. Onun XX əsrin 40-cı illərində və sonrakı dövrlərdə yazdığı publisistika nümunələrində daha çox Böyük Vətən müharibəsi dövrünün hadisələri və insanlarından bəhs edilmişdir. Məmməd Cəfər Cəfərovun 1944-cü ildə "Vətən uğrunda" jurnalında çap edilmiş "Vətən qəhrəmanı" adlı publisist yazısı Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlığa görə igid Azərbaycan oğlu Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adına verilməsilə əlaqədar qələmə alınmış təsirli bir oçerkdir. Bu, Həzi Aslanovun sağlığında ona həsr olunmuş maraqlı və cəlbedici publisist əsərdir. Məmməd Cəfər Cəfərovun Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov haqqında yazdığı "Vətən qəhrəmanı" oçerki bədii publisistikamızın ən yaxşı nümunələrindən biridir. Oçerkdə Böyük Vətən müharibəsi dövründə arxa və ön cəbhəsində baş vermiş hadisələrin yüksək bədii-publisistik üslubda təqdim olunmasından əlavə, birbaşa yazıçı təxəyyülündən gələn məqamlar da özünə münasib yer almışdır. "Vətən qəhrəmanı" oçerki, eyni zamanda, Böyük Vətən müharibəsi dövrünün gedişatını əks etdirən mükəmməl publisistika nümunəsidir. "Vətən qəhrəmanı" - oçerk janrının yüksək tələblərinə tamamilə cavab verir.

Məmməd Cəfər Cəfərov Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına həlak olması haqqında yazdığı "Generalın tabutu önündə" məqaləsində ("Ədəbiyyat qəzeti", 3 fevral 1945-ci il) böyük Azərbaycan oğluna xalqımızın hüznü və məhəbbətini təsirli bədii-publisistik üslubda ifadə etmişdir.

"Bəşəriyyətin ən qorxulu düşmənləri" adlı publisist məqaləsində Məmməd Cəfər Cəfərov faşizmin mahiyyətinin nə demək olduğunu dərindən açıb göstərməklə bir sırada, həm də Hitler siyasətinin təkcə müharibə apardığı SSRİ üçün deyil, geniş mənada Avropa xalqları üçün də böyük bir təhlükə olduğu elmi cəhətdən əsaslandırılmışdır: "Faşizm cəlladlarının məqsədi bir ovuc german aristokratiyasının bütün dünya üzərində və bütün xalqlar üzərində ağalığını təmin etmək xülyası ilə bəşəriyyəti məhv etməkdir. Bütün xalqlara, bütün bəşəriyyətə qarşı müharibə şüarı faşistlərin əsas proqramasını təşkil edir.

... Faşizm - müharibə, qarət, talançılıq deməkdir. Faşizm-bəşəriyyətə əsarət, köləlik, aclıq, ölüm və səfalət gətirən görünməmiş bir bəla, bir cuma azarıdır. Faşizm bütün proqressiv bəşəriyyətin ən qorxulu düşmənidir. Bütün mədəni bəşəriyyət bu həqiqəti çox gözəl dərk edə bildiyinə görədir ki, öz milli istiqlaliyyətini, öz milli mədəniyyətini sevən, öz siyasi azadlığını əziz tutan dünyanın bütün xalqları faşizmə qəti ölüm zərbəsi endirməyə qalxan sovet xalqı ilə gündən-günə daha sıx surətdə birləşir".

Müharibə mövzusunda yazılmış "Qələbə bizimdir", "Səlib yürüşü" baş tutmadı", "Üçüncü imperiyanın səbəbləri" (1941), "Almaniya geriyə, Almaniya, çəkil" (1942), "Xalqların birləşmiş iradəsi" (1945) məqalələri də Məmməd Cəfər Cəfərovun qələmindən çıxmış mükəmməl publisistika örnəkləridir. Bu məqalələr Məmməd Cəfər müəllimin publisistikasının özünəməxsus xüsusiyyətləri haqqında söz deməyə əsas verir.

Elmi və bədii əsərlərində mümkün olduqca sovet hakimiyyətinin siyasətindən uzaqda dayanmağa çalışmış Məmməd Cəfər Cəfərovun publisistikasında siyasi-ideoloji məqamlara sıx şəkildə rast gəlmək mümkündür. Həm Hitler Almaniyasında gedən prosesləri şərh edərkən, həm də Avropa ölkələrində və Rusiyada baş verən hadisələrə qiymət verərkən, Azərbaycanda arxa cəbhə hadisələrindən danışarkən Məmməd Cəfər Cəfərov ədəbiyyatçı-ideoloq kimi çıxış edir. Bu, hər şeydən əvvəl, Böyük Vətən müharibəsi dövründə "hər kəs cəbhə üçün, hər şey cəbhə üçün" siyasətinin ölkənin hər bir vətəndaşı üçün vahid amala çevrilməsi ilə əlaqədar idi. İkincisi isə Böyük Vətən müharibəsi dövründə Həzi Aslanovun tank qoşunları komandanı kimi mübarizəsindən bəhs edilərkən siyasətdən kənarda qalmaq müharibə dövrü hadisələrini, proseslərini tam mənası ilə açıb göstərməyə mane ola bilərdi. Üçüncüsü, diqqət edilərsə, Məmməd Cəfər Cəfərov müharibə dövrün publisistikasında sovet ideologiyasını təbliğ etməyərək, müxtəlif hadisələrin fonunda mövcud siyasəti şərh etmişdir. Onun faşizm haqqındakı fikir və mülahizələri də ciddi elmi-publisist təhlillərdən ibarətdir.

Qeyd edildiyi kimi, Məmməd Cəfər Cəfərovun publisistikasında bədiilik faktoru qabarıq müşahidə olunur.

Müəllifin publisist dili obrazlı, təhkiyəsi bədii əsərlərində olduğu kimi müəyyən dərəcədə nağılvaridir.

Publisist əsərlərində o, yeri gəldikcə xalq ədəbiyyatı nümunələrindən yaradıcı şəkildə istifadə etmişdir.

Ümumiyyətlə, Məmməd Cəfər Cəfərovun publisistikası elm yönlü publisistikadır. Onun publisist əsərlərində məlumatlar, zəruri tarixi faktlar, hətta elmi təhlillər də özünə yer tapmışdır. Mükəmməl publisistika nümunəsi olan "Vətən qəhrəmanı" oçerkində bədii-publisistika aparıcı olsa da, burada müharibə dövrünə aid müəyyən elmi yanaşmalara da rast gəlmək mümkündür. Məmməd Cəfər Cəfərovun ilk növbədə elm adamı olmasını nəzərə alsaq, publisistikasındakı elmlə əlaqədar məqamların özünə yer tapmasını təbii qəbul etmək lazım gələr. Bu, həm də Məmməd Cəfər Cəfərovun publisistikasını qəzet jurnalistikasından ayıran fərqli özünəməxsusluqlardann biridir.

Məmməd Cəfər Cəfərov əsasən Böyük Vətən müharibəsi dövründə və ondan bir az sonra da publisistika ilə məşğul olmuşdur. Müşahidələr göstərir ki, görkəmli alimin ədəbi-bədii əsərləri isə əsasən, müharibə dövründən sonra yazılmışdır. Bu cəhətdən Məmməd Cəfər Cəfərovun publisistikası onun bədii yaradıcılığı üçün məşq xarakteri daşıyır. Məmməd Cəfər Cəfərov ədəbiyyata yaxın olan publisistika janrlarında yazdığı əsəri ilə ilkin və zəruri bədii yaradıcılıq məşqləri keçdikdən sonra bədii yaradıcılığa gəlmişdir. Onun bədii əsərlərinin ideya-sənətkarlıq baxımından əhəmiyyətli ədəbi əsərlər kimi alınmasında həmin uğurlu publisistika məşqlərinin özünəməxsus rolu olmuşdur.

Bütövlükdə, akademik Məmməd Cəfər Cəfərovun publisistikası yüksək ideya-sənətkarlıq xüsusiyyətlərinə görə ayrıca toplanılıb nəşr edilməyə və tədqiq olunub öyrənilməyə layiqdir.

Aktuallığını və bu vaxtadək Məmməd Cəfər Cəfərovun kitablarına daxil edilmədiyini nəzərə alaraq, 1944-cü ildə "Vətən uğrunda" jurnalının birinci sayında çap edilmiş "Vətən qəhrəmanı" oçerkini oxuculara təqdim edirəm.

Vətən qəhrəmanı

Məmməd Cəfər Cəfərov

Xəzərin qoynunda

Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.

Baharın günəşli günlərində yaşıl köynəyini geymiş, lalə-mərcanını və çiçək mirvarisini taxmış Talış dağları, Xəzəri seyrə gələn gəlinlər kimi heyran-heyran gülümsərlər. Bu dağlar ətəklərini dənizə, durna gözü kimi durulan, gah göl kimi sakit, gah da şəlalə kimi çılğın sulara qədər sallanmışdır. Uşaqlar bu sahildə yalnız üzməyi deyil, həm də təbiəti sevməyi, böyük torpağın, havanın və günəşin ahəngdar yaramış böyük bir nemət kimi insana bağışladığı hisslərdən ləzzət almağı öyrənirlər. Yeddi-səkkiz yaşlı uşaqların istər-istəməz ürəyi tərpənər, içəridən, hansı hisslərdənsə doğub dilə gələn sözlər şirin həyat mahnıları olub, musiqi kimi səslənir:

Lənkəran dağları qoşadır, qoşa,

Ətəyi lalədir, döşü bənövşə

Bir yanı dəryadır, bir yanı meşə...

Bərəkətli Lənkəran torpağında doğulub böyüyən uşaqların biri də Əhəd kişinin oğlu Həzidir. Həzi sahildən, sular və bağlardan doymazdı. Atası evdən çıxanda dönə-dönə tapşırardı:

- Bala, suyun imanı olmaz, ha! Əbadə-nəbadə çiməndə uzağa gedəsən! Yoldaşlarından ayrılma!

- Adamı utandırırlar axı... Onlar getsin, mən qalım...

Uşağın cavabı kişini acıqlandırardı:

- Kəs səsini! İndidən mənə igidlik eləməyinə bax! Lazım deyil o cür qabağa düşmək! Getmə, heç çimməyə də qoymuram, otur yerində!

Ana əlini ağzına qoyub uşağa baxar, "sükut" işarəsi verərdi: "Adam atasının qabağında dinməz!" Həzi sahilə buraxılmayacağını düşünəndə bulud kimi tutular, çəkilib bir tərəfdə dayanardı. Nuşu, atadan uşağın vəsatətini edərdi. Bir saat oynamağına izn aldığını xəbər verəndə Həzinin çöhrəsi çiçək kimi açılardı. Uşaq quş kimi atılıb bayaq həyətdən çıxardı!..

Uşağın əyləncə həvəsi uzun sürmədi. Günün birində o da yoldaşları kimi kitab, dəftər, yazı-pozu həvəsinə düşdü. Məktəblilərin ağzından eşitdiyi bu sözləri atasına oxuyub yalvarırdı:

Ay dədə dur, get, mənə çox şeylər al,

Bir dənə çanta, bir-iki dəftər al...

O zaman uşaq oxutmaq valideyn üçün o qədər də asan iş deyildi. Xüsusilə Əhəd kişi kimi kasıb bir adamın oğluna məktəb qapıları bağlı idi. Ancaq Əhəd kişi də arzu-kam axtaran adam idi. "Var yoxdan çıxsam da, gərək Həzini oxudam" demişdi. Həzidə oxumağa oynamaqdan da artıq həvəs göründü. Az bir zamanda o, Bakı hərbiyyə məktəbində ləyaqətli tələbələrdən biri oldu.

Silah və təlim

Cavan sovet respublikasının paytaxtı Bakı Həzi üçün yeni bir aləm idi. Ümumi bir əzəmət və gurultu adi bir rayon şəhərindən ilk dəfə buraya düşən gəncin təsəvvürlərinə hakim olmuşdu. Ona elə gəlirdi ki, burada hər şey təzə və qəribədir. Göyün bir qatına qalxan binaları meşə kimi sıx görünən mədənləri, süzüb gedən maşınları, ulduz kimi yerə səpilən işıqları, küçə, yerə və binalara sığmayan adamları, pəncərələrdən qalxan musiqi səslərini, bunların hamısını öyrənmək lazımdır.

Məktəb həyatı daha maraqlıdır. Bir tərəfdən şiddətli və rəsmi görünən intizam, o biri tərəfdən hər tələbənin ehtiyaclarını ödəyən ailə, ata-ana mehribanlığı...

Həzi təlimdə özünü vuruşan əsgər kimi göstərirdi. Hər şeydən əvvəl, əlinə aldığı silahın bütün xüsusiyyətini araşdırır, onu bir vintinə kimi öyrənməmiş əl çəkmirdi. Atışma və ya süngü döyüşünə çıxanda Həzi cəldliyi və fəndgirliyi ilə hərifin gözünün odunu alardı, özünü yığışdırmağa macal verməzdi. Ona görə də çoxları onunla qabaqlaşmaq istəməzdi:

Onunku məşq deyil, vuruşmaqdır. - deyərlərdi.

Döyüşçülük məharət və hərbi istedadı sayəsində Həzi qızıl komandirlik məktəbini əla qiymətlə bitirdi. Təhsilini mükəmməlləşdirmək üçün Leninqrada getdi. Təhsilini bitirdikdən sonra Həzi Aslanov Ukrayna və Xarkov hərbi okruğunda işləyirdi. Burada gecə-gündüz təlim keçir, kiçik komandir vəzifəsində çalışaraq orduya gəlmiş gəncləri səy ilə öyrədirdi. İkinci Dünya müharibəsi başlanan zaman artıq. Həzi yetişmiş və hissələrdə tanınmış bir komandir idi. 1941-ci ildə Həzi Aslanov artıq Qızıl Ordunun kapitanı idi.

Qızıl paytaxt

Hitlerin faşist qoşunları vətənimizə basqın edən zaman Həzi Aslanov Tarnopolda batalyon komandiri idi. Düşmən ilə üz-üzə gəldikcə hitlerçilərə aman vermir, qırıb-çatırdı. 41-ci ilin yay və payız günləri ordularımızın və əsgərlərimizin ağır günləri idi. Qəflətən üstümüzə basqın edən xain, hiyləgər və güclü düşmənin arası kəsilməyən zərbələrini rədd etmək üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Qızıl Ordu öz qüvvələrini toplamaq, vaxt və fürsət qazanmaq üçün geri çəkilən zamanlar Həzi Aslanov mahir bir komandir kimi öz əsgərlərini təhlükədən qoruyurdu. "Gülləni boşa atmayın!" Əsgərlərə tapşırırdı ki, hər güllə azı bir faşisti yıxmalıdır.

Həzi Aslanov əsgər üçün, xüsusilə rəşadətli bir komandir üçün xoş olmayan bu geri çəkilmənin dayandırılmasını aramsız şəkildə gözləyirdi. Gözlənilən gün gəlib çatdı. Həzi Aslanovun hissəsi Moskva ətrafında faşistlərin hücumunu dayandırmağa getməli oldu. Sovet vətəninin paytaxtı qızıl Moskva təhlükə altında idi.

Smolenskdən sonra Hitler generallarının qarətçilik iştahı lap artmışdı. Onlar bu gün - sabah Moskvada qələbə nümayişi edəcəklərinə əmin idilər. Durbini əllərinə alıb baxır, Moskvanı, Kremli, uca binaları görmək istəyirdilər. Hətta Hitler dünyaya səs salmışdı. Lovğalıqla qəzetçiləri yığıb guya təslim olan Moskvanı təsvir etməyə gətirirdi. Moskvanın qəhrəman müdafiəçiləri hitlerçilərin iştahasını damağında qoydular. Hitler qoşunlarına Moskva yaxınlığında elə bir zərbə vuruldu ki, faşistlər nəinki Moskvanı, hətta Berlini də yadlarından çıxarası oldular.

Aslanov öz igid tankçıları ilə irəli soxulan faşistləri basıb-əzir, əldən qurtaranı güllə ilə yerə sərirdi. Döyüşün şiddətli çağında bir nişançı alman zabitinin irəli soxulduğunu, öz soldatlarına ruh verməyə çalışdığını görən Həzi sərrast güllə ilə hərifi yerə sərdi. Başsız qalan bandit dəstəsini darmadağın dağıtdı. Həzi Aslanovun hissəsinə əmr olundu ki, mühasirəyə düşən qırx sovet avtomaşınını xilas etsin. İgid Aslanov öz tankçılarını alıb, alman zirehlilərinin mühasirəsini yardı, düşmən qüvvələrini dağıtdı. Sovet maşınlarını və əsgərlərini xilas etdi.

Moskva uğrunda gedən döyüşlərdə faşistlərin quduzluğu qat-qat artmışdı. Onlar uzun müddət ac qalmış, nəhayət, yağlı bir tikə görən canavar kimi, özlərini qılınca çırpdılar. Sanki onlar bu dörd-beş ayı və qanları ilə suladıqları bu uzun yolu, Rusiya çöllərini ancaq bura üçün, ancaq Moskva üçün gəlmişdilər. "Moskvanın sahibi var! Moskvanın Stalin xətti var! Berlin xuliqanlarının, Avropanı ayaq altına salan kobud və qansız faşist soldatlarının qızıl paytaxta soxulmasına kim dözə bilər? Böyükdən kiçiyə qədər bizim hamımız qırılmamış belə şey ola bilməz..." Həzi xəyalında bunu düşünərkən qoşun böyüyündən əmr gəldi. Bu əmr hər bir sovet əsgərinin qeyrət və vətənpərvərlik duyğularını çağırırdı: "Yoldaşlar, düşməni sovet paytaxtına buraxmayacağıq! Bundan sonra geriyə yol yoxdur! Yolumuz irəliləyişdir! Faşist quldurlarını məhv etməyə doğru, irəli!".

Aslanovun ağır tankı pələng kimi hər şeyi basıb keçir, faşist dəstələrini tırtılları altına alaraq məhv edirdi. Tankçılar öz qəhrəman komandirlərinin dalınca sağa, sola cumur, düşmənin bütün yollarını kəsib ətrafa atəş səpirdilər.

Bu, elə bir döyüş idi ki, tarixdə mislini göstərən yox idi. Avropanı marş ilə keçmiş Hitler generalları heç vaxt başlarına belə bir bəla gələcəyini gözləmirdilər. Birdən-birə yerin, göyün hər tərəfindən elə bil qoşun qaynadı, elə bil daşlar tanka, ağaclar topa, torpaqlar əsgərə çevrilib qəsbkarlara divan tutmağa başladı. Moskva müdafiəçiləri Hitlerçi qoşunlara elə bir zərbə vurdular ki, Hitler bütün qışı çalışdı, özünü doğrulda bilmədi. Vurulan yara o qədər ağır və tutarlı idi ki, faşist canavarı aylarla inildəyə-inildəyə səhraları gəzdi. Dişini qıcayaraq intiqama fürsət aradı. Moskvanın qəhrəman döyüşçüləri vətən uğrundakı rəşadətlərinə görə təltif edildilər. Azərbaycan oğlu Həzi Aslanov "Qızıl Ulduz" ordeni aldı.

Həzi hökumətin yüksək mükafatına nail olduğunu eşidəndə nə qədər sevinmişdi...

İnsan bir yaman, bir də yaxşı günündə ətrafına baxar, qohum-əqrəbanı, dost-aşnanı axtarar. Bu, Həzinin əziz günlərindən biri idi. Hökumət nümayəndəsi onun döşünə orden taxıb, əlini sıxanda anası, arvadı, orden ilə maraqlanan balaca oğlu Tofiq yadına düşdü. Öz sevincini ailəsinə bildirməyi, onları da özü kimi sevindirməyi əsgəri borc bildi. Həmin gün, şaxtalı dekabr axşamında, əlinə qələm aldı, Vətənə qısa, hərarətli bir məktub yazdı. Qoy - dedi, ailəmiz yeni ili mənsiz qarşılasa da, mənim sevincim, mənim təbrik məktubumla qarşılasın".

Cənubda

1942-ci ilin əvvəllərində Həzi Aslanovu Cənubda, faşist işğalçılarına qarşı döyüşün ön sıralarında görürdük. Onu indi hər bir əsgər Moskva müdafiəsinin qəhrəmanı kimi tanıyır. Hamı onun işindən, sözündən tədbirindən öyrənməyə çalışır. Aslanov burada düşmənin sayca çox və güclü qüvvəsilə qabaqlaşmalıdır. Bu, onu qorxutmur, əksinə, qəzəb və müharibə ehtirasını artırırdı. Həzi nərə çəkən düşmən toplarına, sel kimi guruldayan tanklara baxır, ürəyində deyirdi: "Daha keçmiş ola! Vahiməyə salası adam yoxdur. Kənardan nərildəmə, yaxına gəl!" Faşist tanklarını yaxına buraxan Həzi birdən dörd yandan od yağdırır, tələyə düşmüş canavarın yolunu kəsir və nəfəsini kəsməyincə əl çəkmirdi. Almanlar qoşunlarımızın qurduğu böyük və mühüm bir sahəyə bir tank diviziyası, bir piyada devilizasiyası yeritmək, bir həmlə ilə müdafiə xəttimizi tutmaq istəyirdi. Həzi düşmənin niyyətini və hiyləsini duymuşdu. Tankçılarını əmrə hazır vəziyyətə gətirdi. Düşmən ilə qabaqlaşanda zəhmli və qəzəbli səs ilə qışqırdı: "Alman işğalçılarına atəş! Vurun, yoldaşlar!" Ulduz nişanlı sovet tankları düşmən üstünə yeriyəndə aləmi gurultu bürüdü. Sanki yer yeriyir, göy səslənirdi. Qabaqda surətlə gedən igid komandirin tankı idi. Faşist tankçıları, meydanı təhlükəli görüb çəkildilər. Həzi xaraba evlər kimi susan qırıq faşist tanklarını və dalısına baxmadan qaçanları görüb gülümsəyir, düşməni təqib edirdi. Bu döyüşdə almanların tank diviziyası, rumınların piyada diviziyası məhv edildi.

Döyüşdən sonra cəsur tankçılar maşınlardan çıxır, öz əziz komandirlərinin üzünə baxırdılar. Həzi Aslanov müvəffəqiyyətli döyüşə görə onlara təşəkkür edir və deyirdi:

- Uşaqlar, almanlara hər gün belə dərs vermək lazımdır. Qoy bilsinlər ki, sovet cənubunda, Moskvada olduğu kimi, köksümüzdən qala var. Bu qış onların əhdini kəsək gərək!

Aslanov adi vaxtlarda nə qədər mülayim və sakit görünürdüsə, döyüş məqamında o qədər ciddi, acıqlı və çevik olurdu. Onun düşmənə olan nifrəti sifətində, düyülən qaşlarında, qəti və kəsərli baxışlarında duyulurdu. Bir dəfə avtomatçılarımızın apardığı rumın əsirlərini görüb dişini qıcadı, yeriyib onları dayandırmaq, soruşmaq istəyirdi: "Ay axmaq, sən nə gəzirsən buralarda? Ukrayna çöllərində nəyin qalıb? Sovet xalqına nə vermisən ala bilmirsən? Öz torpağını alman təpiyinin altına verib, Şərqə doğru nə cumursan?"

Həzi yaxşı bilirdi ki, faşist nökərlərinin bu mənalı suallara cavabı yoxdur. Cavab gözləmək lazım da deyil. Onları ziyançı həşərat kimi məhv etmək lazımdır. Ancaq "əsirdilər" deyə hirsini boğdu, kəsici nəzərlərini rumınlardan yayındırdı.

Stalinqrad dastanı

Stalinqrad! Həzi bu sözü həyəcansız deyə bilmir. Deyəsən, lap dünən idi. Qızıl əsgər klubunda bayram keçirən kiçik komandirlərə göstərdiyi qırmızı cildli bir kitabı iftixarla əlində qaldıraraq soruşurdu:

- Oxumusunuzmu! "Xleb", Stalin yoldaşın 18-ci ildə Sarıtsını müdafiəsindən danışır. Hərbiyə əliyə vacib kitabdır.

Dünənki kimi görünən bu xoş müsarim axşamından 5 il keçir. Həzi kiçik komandirlərin o kitabı oxuyub-oxumadıqlarını bilmir. Ancaq onu bilir ki, həmin tarixi şəhərin müdafiəsi bütün sovet xalqının şərəf vəzifəsi olmuşdur. Sürət və amansızlıqla inkişaf edən Cahan hərbinin bütün zahiri və batinin bağları Avropanı, Asiyanı dolaşaraq gəlib burada, arxasını məğlub və təmkinli Volqaya söykəyən igid şəhərdə bənd alır.

Hitler qoşunlarının aylardan bəri qabıqdan çıxaraq Şərqə - Stalinqrada can atmasının səbəbi nədir? Keçən il sovet paytaxtının iştahası ilə quduran faşistlərin dişi sındırıldı. Lenin şəhərinə soxulmaq istəyənlərin yolu kəsildi. İndi işğalçı qoşunları nəyin bahasına olsa, Stalinqrada çatmaq istəyirlər. Arxadakı qabaqdakının meyidini basıb keçir, üçüncüsü də onun meyidini ayaqlayır. Hitlerin qanlı macəralarına inanan və uyan 100 minlərlə soldat və zabit, tufyandan qopmuş payız yarpaqları kimi, biri-birinin üstünə tökülür.

Gecə-gündüz istiyə, soyuğa baxmadan, havadan ölüm yağmasına baxmadan, irəliyə cəhd edən 10 minlərlə atlı-piyada, sağlam-xəstə, rütbəli-cərgəvi dəstələr, şikar iyi duymuş canavar sürülərini andırır.

Bu vəhşi və çılğın yerişin mənası hər kəsə aydın olmasa da, Aslanova aydındır. O bilir ki, əsrimizin sarı devi-aləmə, insanlığa bəlalar gətirən Hitler indi Stalinqrad xülyası ilə yaşayır. Ayılanda bu şəhəri xəritədə, yatanda isə yuxuda görür. Dəqiqə başı sarayında qiyamət qoparır. "Nə oldu, Stalinqrad, hələ də alınmadı?" Qara niyyətləri sarı devə rahatlıq vermir. O, bu payız Stalinqrada çatmaq, beləliklə, sovet vətənini Cənub-Şimal deyə ikiyə bölmək, Moskva ilə Cənubun əlaqəsini kəsmək, Qızıl paytaxtı mühasirəyə salmaq istəyir. Böyük Volqa çayına çıxmaq, Kaspiyə enmək istəyir.

Sentyarın 27-də Ribbentrop deyirdi:

"Şimali və Cənubi Rusiyanı birləşd

irən mərkəz olan bu şəhər alınan kimi biz ölkənin əsas yollarına, Volqaya hakim olacayıq. Bizim ən təhlükəli düşmənimizə elə zərbə vurulacaq ki, bir də ayağa qalxa bilməsin".

Açıq bir payız sabahı idi. Həzi Aslanov döyüşçülərinə əmr verib Stalinqrada doğru gedəndə əvvəlki yoldaşlarının çoxu ilə vidalaşmış, anasına məktub yazmışdır ki, "Stalinqrad hadisələrini yaxşı izləyin!"

Böyük şəhərin ətrafında misli görünməmiş tarixi bir vuruşmaya hazırlıq gedirdi. Ana torpağın hər tərəfində sovet qüvvələri surət və nizamla axışıb gəlirdi. Bu, həmin qüvvələr idi, sovet ölkəsini böyük təhlükəni dəf etmək üçün səfərbərliyə almışdı. Bu, həmin qüvvələr idi ki, Hitler cəsusları hesaba almamışdılar. Bu, həmin qüvvələr idi ki, bütün sovet xalqı onların hücum dəqiqələrini gözləyirdi.

Stalinqradda isə vəziyyət gərgin idi. Düşmən qanı bahasına irəliləyir, kəndləri, şəhərləri dağıdır, yerdən, göydən od tökülür, gündə bir addım da olsa yerimək üçün var-yoxdan çıxırdı. Artıq düşmən şəhərə soxulmuşdur. Küçə vuruşmaları gedirdi.

Hazırlıq bitdi. Böyük Stalin hücum əmrini verdi.

O gündən sonra hər bir saat Stalinqrad müdafiəçilərinin həyatında qızıl hərflərlə yazılacaqdır. Qızıl Ordu hissələri hitlerçilərin arxasını kəsərək Stalinqrada soxulmuş alman qoşunların taleyini həll edirdilər. Şimal və Cənubdan hücum edən, düşməni sığışdırıb, arxasından ayıran sovet bahadırlarının birləşdiyi günün - uzun və ağır mübarizələrdən sonrakı qələbənin ləzzəti heç bir döyüşçünün yadından çıxmaz! Düşmənin mühasirəyə aldığı gün, dahi sərkərdəmizin əmri yerinə yetirilən gün, qızıl əsgərlər bir-birini sevinclə qucaqlayıb, təbrik edirdilər. Hitlerin seçmə generalları gözünü açıb özünü mühasirədə görəndə az qala ağıllarını itirmişdilər. Quduzcasına müqavimət göstərir, sovet mühasirəsindən çıxmaq istəyirdilər. Mühasirə isə günü-gündən sıxlaşırdı. Gündə minlərlə hitlerçi cəhənnəmə vasil olurdu.

Podpolkovnik Həzi Aslanov öz hissəsi ilə döyüşün ən şiddətli çağında cəbhənin ön xətlərində vuruşurdu. Orduda onu tilsimlər yaran cangavər kimi tanıyırdılar. Çətinlik məqamında general ona müraciət edərdi. O da həmişə etimadı doğruldardı.

Həzi Aslanovun batalyonuna əmr edilmişdi ki, çaydan keçmək istəyən düşmənin qabağını saxlasın! Almanlar burada bir kəndi tutmuş, atəş xəttində 20-yə qədər tankvuran top, minaatanlar, pulemyotlar düzmüşdülər. Aslanov düşündü ki, düşmənin qabağını almaq azdır, ona bu əlverişli yerdən qovub çıxarmaq lazımdır. Hitlerçilər topların çoxunu kəndin önündəki təpələrə düzmüşdülər. Şərq tərəfə uzanan geniş düzənliyi buradan açıq görmək, bir də nişana almaq olurdu. Odur ki, bu yerlərdən keçmək çətin və təhlükəli idi.

Aslanov, tankçılarını yanına çağırıb öz qərarını dedi:

- Yarıb keçmək lazımdır!

- Yarıb keçərik!

Qoşun hissələrinin qarşılıqlı əlaqəsi müəyyən edildi. Piyadalar cinahdan hücum elədi. Aslanovun tankçılarından bir neçəsi hərdən kəndin qabağına gəlir, düşməni gülləyə basırdı. Tankçıların əsas hissəsi isə düşmənin arxasına keçmişdir. Almanların başı piyadalara qarışmışdı. Onlar arxaya keçən tankçılardan xəbərsiz idilər. İgid tankçılar qəfildən gəlib təpəyə çatdılar. Kəndin küçələrinə girib, düşməni qırmağa başladılar. Həzi Aslanov lap qabaqda gedirdi. Düşməni özünə gəlməyə qoymayan tankçılar bu döyüşdə öz cəsur komandirlərini izləyirdilər.

Düşmən məhv edildi. Kənd təmizləndi, hərəkətdə olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular. Günü qələbə ilə tamamlayan ulduz nişanlı maşınlar nərə çəkib, cəbhə xəttindən düşmənə meydan oxuyanda, Aslanov qabaqda gedən və atəşi ilə havanı titrədən tankın içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti diqqətlə öyrənir, hissənin hərəkətinə istiqamət verirdi.

Həzi düşməni məğlub etməyi kifayət saymırdı; onu məhv etəyə çalışırdı. "Bu gün, - deyirdi, - daş-divar dibinə təpilib qolundan və qabağından qaçan faşist sabah silahını oda salmağa fürsət axtaracaqdır. Murdar həşəratın kökünü kəsməliyik! Ona görə də Həzi döyüşdə asan, yaxud hazır cığırla getməyə alışmamışdır. O, düşməni çətinliyə salmağı, bu şəraitdə onu vuruşmağa məcbur etməyi bacarırdı. O, müstəsna istedadı və hərbi məharəti ilə əvvəlcədən düşmənin nə niyyətdə olduğunu təyin edə bilirdi. Hərifə qarşı elə bir taktika qəbul edirdi ki, faşistlərin plan və hazırlıqları boşa çıxırdı.

Bir dəfə düşmənin gözlənilən əks hücumunu dəf etmək Həzi Aslanova tapşırılmışdı. Aslanov düşməni B məntəqəsindən qovub çıxartmaqda piyadalara kömək etməli, onların yolunu təmizləməli idi. O, döyüşə ciddi hazırlıq gördü. Əvvəlcə maşınlarını əlverişli yerə gətirdi, döyüşə hazır saxladı. Düşmənin buralara 70-80-a qədər tank yetdiyini öyrənəndən sonra Həzi bütün gecəni yatmadı. Qoşun bölmələri arasında əlaqəni yoxlayır, döyüşçülərinin mövqeyini görür, düşmən haqqında olan məlumatı öyrənir, mühasirə tədbirlər görürdü. İgid komandir hiss etmişdi ki, almanların qəsdi nədi və haradan vurmaq istəyirlər.

Tankçılarına tapşırıq verərək deyirdi: - Baxın, almanlar buraya, Qərb tərəfimizdəki bu dərəyə tank yığacaqlar, piyadamızın arxasına keçməyə çalışacaqlar. Biz bu yerdə hərifin qabağını kəsməliyik!

Aslanov döyüşçülərinə əmr etdi ki, tanklarını müəyyən edilmiş xəttə gətirsinlər. Piyadaların yolunu təmizləməli olan toplar da həmin yerə gətirildi. Dərəni atəş altında saxlamalı olan rotalar solda yerləşdirildi.

Həssas komandirin zənni tamamilə doğru çıxdı. Sübh açıldıqda almanların 50 tankı dərəyə girdi. Bu, gərgin və ciddi vaxt idi. Hər saniyə insandan məharət, dözüm, tədbir istəyirdi. Həzi Aslanovun döyüşçüləri də komandirləri kimi hünərli və igid əsgərlər idilər. Onlar sakitliklə düşmən tanklarının yaxınlaşmasını gözləyirdilər. Ağır tank rotasının birdən başlanan şıdırğı atəşi faşist tanklarını geri qayıtmağa məcbur etdi. Hitlerçilər üzlərini hücum üçün dayanan sovet tanklarına tərəf çevirdilər. Bu zaman o biri rotamızın şiddətli atəşi banditləri çaş-başa saldı. Düşmənin maşınları hər iki tərəfdən şiddətli atəş arasına alındı, çəkic və zindan arasında hitlerçilər pərən-pərən düşdülər, qırğını bərk görüb geri oturdular. Bu döyüş onlara çox baha tamam oldu, meydanda 17 tank qoyub getdilər.

Həzi Aslanov bilirdi ki, yaralı canavar daha da quduzlaşacaqdır; bu saat dişini itiləyib haradansa irəli soxulmağa cəhd edəcəkdir.

Komandir tankların buradan, düşmənə məlum olan bu mövqelərdən çıxarılmasına əmr verdi. Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd işlətdi.

Bu dəfə də komandirin niyyəti doğru çıxdı. Hitlerçilər uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar. İgid tankçılarımızın düşmənə nagahan hücumu burada da düşmənin planını puça çıxartdı. Almanlar gözləmədikləri yerdən dolu kimi top və mina atəşinə məruz qalıb qırıldılar.

Aslanovun tankçısı, kiçik leytenant Simonov öz əziz komandirləri haqqında belə deyirdi:

"Komandirimiz zahirən sakit və sadə bir adamdır. Ancaq döyüşdə, təhlükəli dəqiqələrdə onu yaxından görənlər nə qədər igid, cəsur və zirək olduğunu bilərlər...

Faşist tankları eşikdən kəndə yaxınlaşanda şər qarışırdı. Yadımda deyil, onlar on, ya on ikinci dəfə idi ki, hücum edirdilər. Bir-birindən aralı gələn tanklar kəndə soxulmaq istəyirdilər. Qırxdan artıq düşmən tankı gördük. Komandirin əmri qısa idi:

- İrəli! Hücuma! Mən nə etsəm, siz də onu edin!

Biz qarşımızda Aslanovun tankını görürdük. Onun maşını cəsarətlə irəliləyərək düşməni əzir, qırırdı. Bu hücum son dərəcə qəzəbli və cəsarətli hücum idi.

Almanlar tablaya bilmədilər. Bizim cəsarətli hücumumuz onları vahiməyə saldı. Bu döyüş nəticəsində düşmənin bir sıra istinad nöqtəsini tutduq, yeni və daha geniş bir sahədə hücum üçün yol açdıq..."

Simonovun dedikləri qəhrəman komandirin ancaq bir hücumunu xarakterizə edir. Şanlı Stalinqrad uğrundakı vuruşmalarda Həzi Aslanovun hissəsi neçə-neçə belə qələbə qazanmışdı. Bu hissə hücumun bir ay müddətinə almanların 45 tankını, 9 mina batareyasını, 14 tankvuran və 12 səhra topunu, 42 taxta-torpaq atəş nöqtəsini, 150 avtomobilini məhv etmiş, 2000-ə qədər hitlerçini qırmış, 700 əsir tutmuşdu. Aslanovun hissəsi düşməndən 125 yük maşını, 12 minik maşını, 30 motosiklet, 80 araba yük, bir anbar ərzaq, libas və sair hərbi ləvazimat qənimət almışdı.

Həzi Aslanov "Pravda" qəzetində yazdığı məqaləsində öz döyüş müvəffəqiyyətlərinin səbəbini təvazökarlıqla izah edir:

"Almanlara cinahdan zərbə endirmək mənim adətimdir. Bu taktika mənim komandam altında vuruşan bölməyə müvəffəqiyyət qazandırır. Mənim əsgərlərim bu taktikanı yaxşı mənimsəmişlər, müvəffəqiyyətlə tətbiq edirlər..."

Dahi marşalımız Stalin yoldaşın sərkərdəliyi sayəsində, Aslanovun və milyonlarla onun kimi igid, namuslu sovet döyüşçülərinin qeyrəti və hünəri sayəsində şanlı Stalinqrad uğrunda gedən döyüşlər tam qələbəmizlə bitdi.

Cəllad Hitlerin fırıldağı 300 mindən artıq alman qanının bahasına tamam oldu. Tarixə əsrin ən böyük şərəf və hünər dastanını yazan şəhərimizin hər tərəfində qızıl bayraqlar dalğalandığı zaman Almaniya, faşist banditlərinin idarə etdiyi imperialist Almaniya matəmə büründü.

Hitlerizmin təpəsinə elə bir güllə vuruldu ki, bu canavar daha heç bir zaman doğrulub özünə gələ bilməyəcək.

1942-ci ilin axırı və 43-cü ilin əvvəlində bütün dünyada dostun da düşmənin də ağzında bu söhbət, sovet qoşunlarının ecazkar Stalinqrad qəhrəmanlıq dastanı, vətən torpağı haqqında olan söhbətlər gəzirdi.

Qoy bütün dünya bilsin ki, ölkəmiz böyük vətəndaşlar vətənidir!

Dünyaya qədər adi bir sovet komandiri olan lənkəranlı Əhəd kişinin, Nuşu arvadın oğlu Həzi müqəddəs vətən davasının qəhrəmanı kimi bütün dünyada tanındı. Sovet vətənimiz ləyaqətli oğlunu, ən yüksək mükafatla təbrik etdi: dekabrın iyirmi ikisində Ümumittifaq ağsaqqallı Kalinin yoldaş eyni bir fərman imzaladı:

Həzi Aslanova... Sovet İttifaqı Qəhrəmanı adı verilsin!

Sevinc və iftixar

Bu xəbər Nuşuya, hər gün, hər dəqiqə oğlunun intizarını çəkən anaya gəlib çatanda qadın bilmədi nə etsin! "Həzi! Bala! Boyuna qurban!"

Bu sözlər onun ürəyindən və dilindən necə qopdusa, özü də bilmədi. Ayağa qalxdı. Bütün qüvvəti ilə səslənmək, aləmə car çəkmək istədi.

Özü də hiss etmədən köksü dağlar qüruru ilə qalxdı, başını uca tutdu, gözlərinə yeni və alovlu bir nur gəldi.

Qəhrəmanın arvadı, onun həyat və qəlb yoldaşı Xavərin sevinci ananınkındən az deyildi. Onlar bir-birilə qucaqlaşıb öpüşəndə, bir-birinə gözaydınlığı verəndə balaca Tofiq kənarda dayanıb baxırdı. Ana da, nənə də birdən xoşbəxt balanın üstünə cumdular, onu bir alma kimi götürüb, az qala yemək istədilər. O gün evdə şənlik, bayram, ziyafət dəsgahı vardı. Həzinin dost-aşnası tökülüb gəlmişdilər. Qəhrəmanın ailəsini təbrik edirdilər.

- Xavər, yaz! Bizim dilimizdən də Həziyə mübarək de!

Bir başqası xahiş edirdi:

- Xavər, qəhrəmanımızın şəklini istə, camaat görsün! Üçüncü bir kişi deyirdi:

- Adresi mənə verin, teleqram vuracağam! Başımızı ucaltdı! Var ol, ay Nuşu xala! Halal olsun sənə!

Çox çəkmədən bu şənlik məhləyə, daha sonra bütün şəhərə keçdi. Öz yerliləri Həzi Aslanovun vətən qarşısındakı xidməti ilə bütün lənkəranlılar iftixarla danışırdılar.

Həzi Aslanov yalnız bir ailənin, bir şəhərin yox, bütün xalqımızın fəxridir! O, Bəbəklər, Koroğlular böyütmüş qəhrəman Azərbaycan xalqının ləyaqətli oğludur. Həzi, xalqa xas olan gözəl və nəcib ənənələrlə böyümüş bir qəhrəmandır! O, təvazökar bir gəncdir. Çox iş görüb, az danışmağa adət etmişdir. O, vətən qarşısında əsgərin məsuliyyətini və şərəfini hələ uşaq yaşlarından anlamışdır.

Ömrünü işə vermiş və anasının ümidlərini həmişə doğrultmuşdur. Həzi harda olur-olsun, döyüşün hansı şəraitində olur-olsun doğma vətəni, istəkli ailəsi, əziz oğlu ilə əlaqəni kəsmir. O, bunlar üçün və bunlar uğrunda vuruşur!

İstər geniş Kuban düzlərində, Ukrayna çöllərində, istər Moskva ətrafında vuruşanda Həzi gözəl bilirdi ki, doğma vətənimizi, ordenli Azərbaycanı, günəşli Lənkəranı müdafiə edir. O, Molotov yoldaşın faşist cəlladlarının cinayətlərini açan notalarını diqqətlə oxumuşdu. Hitlerçilərin azərbaycanlı qızıl əsgərlərə necə vəhşi divan tutduğunu bilirdi. Həzi gözü ilə görmüşdü ki, faşistlər ayaq basdıqları yerə taun, ölüm, zülm, əsarət və aclıq gətirirlər. O, ürəyində and içmişdi ki, "nə qədər sağam, faşist qırmaqdan, qan intiqamından doymayacağam!"

Həzidə öz xalqına məxsus gözəl mərdlik sifətləri vardır. O, fikir və niyyətlərində qətidir. Sözündə möhkəmdir, dönməz iradə sahibidir. Tərəddüd onun əhvali-ruhiyyəsinə yaddır. O, sovet silahını əlinə alıb, ulduz nişan maşınlara oturanda düşmən üstünə şığıyan bir qartala dönür. O, elə müqəddəs və vacib bir vəzifəyə gedir ki, hər şey, onun üçün əziz olan hər şey və hər kəs onu qələbəyə doğru müşayiət edir. O, arxasını çoxmilyonlu və sülhsevən xalqına söykəyərək işğalçıları qırmağa gedir. O, hər dəqiqə ana vətənin mehriban, şəfaverici nəvazişlərini duyaraq mətanətini artırır. Qızıl Ordunun yüzlərlə şən-şöhrət qazanmış qəhrəmanları ilə tanış olaraq, onlardan nümunə götürür. O, xalqımızın tarixini dərindən öyrənir. Öz adını ölməz vətən qəhrəmanlarının adı kimi əbədiləşdirir. O, orduda Stalin nizam və qaydalarının nümunəsini göstərir. O, geniş ürəkli bir qəhrəman kimi həmişə döyüş müvəffəqiyyətini öz rəşadəti ilə yox, döyüşçülərinin igidliyi ilə izaha çalışır. Hər bir döyüşçünü doğma qardaşı kimi sevir, qayğısını çəkir!

O, öz ömürlük və ürək sevincini qısa bir məktubda anasına bildirir:

"Əziz anam, salam!

Bu gün mənim bayramımdır. Mənə Sovet İttifaqı Qəhrəmanı adı verildiyindən xəbər tutdum. Səni inandırıram ki, alman işğalçılarını darmadağın edərək bu adı şərəflə doğruldacağam!"

Ana isə öz övladı ilə fəxr edir, qısa və həyəcanlı məktubunda deyir: "Oğul, sən həm öz ananı, həm də bütün xalqımızı sevindirin. Var ol!"

Ana üçün, zəhmət, əziyyət çəkib bala böyüdən analar üçün bundan da böyük səadət olarmı? Həzi indi Nuşunun yanında deyil. Ana çox istərdi ki, bu sevincli günlərdə oğlu ilə üz-üzə otursun. Bu iki ildə onun başına gələnləri bir-bir eşitsin. Onun faşistlərə necə divan tutduğunu oğlunun öz dilindən eşitsin. Kalinin yoldaşın Həziyə verdiyi "Qızıl Ulduz" nişanına və Lenin ordeninə baxsın, qəhrəmanı bağrına bassın.

Lakin Həzinin buna, ailə istirahətinə, ana nəvazişlərinə hələ vaxtı yoxdur. Qızıl komandirdir, hər gün və hər dəqiqə dəstə-dəstə qoşunlar onun əmri, onun planı, göstərişi ilə yeriyib alman işğalçılarını qırır, qovur, əsir tutur, torpağımızı təmizləyir.

İndi Nuşu Həzinin əvəzinə balaca Tofiqlə ünsiyyət bağlamışdır. Bu on yaşlı uşaq onun nəzərində gələcəyin qəhrəmanıdır. Mehriban nənə onun hər addımını izləyir, onun dillərindən ləzzət alır, atasına məktub yazdırır. Tofiq də böyük vətənin kiçik vətəndaşıdır. O, pioner yoldaşları ilə yarışa girmişdir. Ona qəhrəman balası deyirlər. Tofiq atasının harada və necə döyüşdüyünü görməsə də, söhbətlərdən bilir ki, atası tankçıdır. Vətəndə cəbhəyə kömək üçün tank dəstəsi yaratmaq uğrunda xalq hərəkatı dalğalananda biz həmin bu balaca vətəndaşı da böyük təşəbbüsün iştirakçısı görürük. O, "Pioner" adında düzələn tank dəstəsinə 1000 manat pul verir. O, sevinir və güman edir ki, atası bu pullarla alınan tanka oturacaq, tankın böyründə, qızıl ulduzun kənarında bütün pionerlərin, o cümlədən, oğlu Tofiqin adını oxuyacaq, "mərhaba!" deyəcəkdir...

Xalqın cavabı

Vətən qəhrəmanı Həzi Aslanovun rəşadəti yalnız ailədə, yalnız şəhərdə yox, bütün respublikada ümumi bir ruh yüksəkliyi yaratmışdır. Həzi Aslanov Azərbaycan bolşeviklərinin rəhbəri Mircəfər Bağırov yoldaşdan təbrik məktubu aldı. Azərbaycan xalqı Bağırovun dili ilə öz sevimli qəhrəmanını alqışlayıb deyirdi:

"Sizin əsgəri qoçaqlığınız və düşmənə qalib gəlmək bacarığınız azərbaycanlı döyüşçülər və komandirlər üçün, Qızıl Ordu əsgərləri üçün nümunə olacaqdır. Qoy sizin zəhmli maşınlarınız Azərbaycan xalqının və qardaş sovet xalqlarının azad və xoşbəxt yaşayışına qəsd edən hitlerçi, quldur dəstələrini gələcəkdə də əzsin!"

Həzi bu məktubda Ana Vətənin, doğma Azərbaycan xalqının razılıq səsini eşidirdi. Həyəcandan qəlbində deyirdi: "Belə xalq üçün, belə Vətən üçün ölümə də getmək xoşdur!"

Qara dəniz flotçularından bir dəstəsi qəhrəmanın anasına təşəkkür məktubu yazıb, and içirdilər ki, Vətən düşmənlərini Qara dəniz sularında boğacağıq! Qızıl flotçular dediklərini yerinə yetirdilər: Ali Baş Komandanın dahi sərkərdəliyi sayəsində işğalçıları qovub, Novorosiyskdən çıxardılar. Qəhrəmanın vətənində Həzini alqışlamaq üçün xalq yığıncağı oldu. Şəhər teatrı ağzına qədər dolu idi. Qəhrəmana təşəkkür etməyə gələnlər bir-bir tribunaya qalxıb düşürdülər. Onlar Vətən qorucularına, Həzi Aslanov kimi igidlərə minnətdar olduqlarını deyir, arxada yeni və parlaq iş nümunələri göstərməyə söz verirdilər. Fəhlələr, kolxozçular, ziyalılar, hər kəs öz cəbhəsində Aslanov kimi namusla, fədakarlıqla işləməyə cəhd edir.

Azərbaycan xalqının rəşadətli oğlu, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov indi Stalin qvardiyaçıları sırasındadır. Polkovnikdir. Bu saat o yorulmadan, dayanmadan, dincəlmədən alman işğalçılarını qırıb-çatır, vətənimizə soxulmuş qəsbkarlara divan tutur. O, bütün qüvvə və bacarığını, bütün hərbi biliyini, komandirlik məharətini torpaqlarımızın azad olması işinə vermişdir. Onun vətəndaşlarından hər kəs Həzini görmək, söhbət etmək, onun polad hünərli əlini sıxmaq, təbrik etmək istəyir...

"Vətən uğrunda" jurnalı, 1944, № 1, səh.60-69

İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

525-ci qəzet