www.science.az
12.09.2019 13:43

Gəncə Bölməsində Gürcüstanın baş konsulu ilə görüş keçirilib

AMEA-nın Gəncə Bölməsində Gürcüstanın Gəncəyə yeni təyin edilmiş Baş konsulu Nikoloz İaşvili ilə görüş keçirilib.

Qonağı salamlayan bölmənin sədri, akademik Fuad Əliyev Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzində konsul kimi fəaliyyətə başlaması münasibətilə onu təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

F.Əliyev gürcüstanlı diplomata Gəncə Bölməsinin strukturu və fəaliyyəti, qədim şəhərin müasir elmi potensialı, ölkələrimiz arasında davam edən elmi əlaqələr barədə ətraflı məlumat verib.

Gəncənin əsrlər boyu elm və mədəniyyət mərkəzi kimi inkişaf etdiyini vurğulayan Fuad Əliyev bildirib ki, şəhərdəki qədim tarixi abidələr və çoxsaylı muzeylər turizm əlaqələrinin genişləndirilməsinə şərait yaradır. O, AMEA-nın Gəncə Bölməsində son illərdə əldə edilmiş əsas elmi nailiyyətləri diqqətə çatdırıb, aparılan fundamental tədqiqatlar, ictimai və humanitar elmlər sahəsində qazanılmış uğurlardan danışıb. Həmçinin Gəncədə aparılan arxeoloji tədqiqatlarda gürcü alimlərinin də iştirakının vacibliyi vurğulanıb.

Akademik F.Əliyev müstəqil Azərbaycan dövlətinin məhz Tiflisdə elan edilməsini ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirib, həmin tarixi hadisənin daha geniş və hərtərəfli araşdırılmasına ehtiyac duyulduğunu bildirib.

Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili fəaliyyətə başlamasından cəmi üç ay keçməsinə baxmayaraq, Azərbaycan və Gəncə haqqında zəngin məlumata malik olduğunu deyib. O, ölkələrimiz arasında geniş dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu söyləyərək, gələcək fəaliyyətinin əsas istiqamətini bu əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldəcəyini bildirib.

Elmi əlaqələrin də əhəmiyyətini vurğulayan diplomat beynəlxalq konfranslarda, simpozium və digər elmi tədbirlərdə gürcüstanlı alimlərin daha yaxından iştirakında maraqlı olduğunu söyləyib, qarşılıqlı əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonda xatirə hədiyyələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.