www.science.az
17.01.2020 16:47

“20 Yanvar – yaddaşlarda əbədiləşən tarix və müasir çağırışlar” mövzusunda tədbir keçirilib

Yanvarın 17-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “20 Yanvar – yaddaşlarda əbədiləşən tarix və müasir çağırışlar” mövzusunda tədbir keçirilib.

Əvvəlcə mərasim iştirakçıları 20 Yanvar faciəsini özündə əks etdirən “Qanlı Yanvar” adlı sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin "20 Yanvar faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi haqqında" 13 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq respublikamızda və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimlərinin keçirildiyini bildirib. Alim AMEA-nın elmi müəssisə və təşkilatlarında da 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlərin təşkil edildiyini söyləyib.

Akademik İsa Həbibbəyli 30 il əvvəl baş vermiş siyasi proseslərdən bəhs edərək, faciənin əsas səbəblərinə toxunub. Bildirib ki, yalnız ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləyib və bəyanatla çıxış edib. Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib.

AMEA-nın birinci vitse-prezidenti 20 Yanvar hadisəsinin elmi cəhətdən dəyərləndirilməsi, ona elmi qiymətin verilməsi, müəyyən nəticələrin çıxarılması baxımından müxtəlif istiqamətləri əhatə edən ümumiləşmiş  salnamənin hazırlanmasına ehtiyac olduğunu bildirib. O, bu istiqamətdə Humanitar Elmlər Bölməsinin institutlarının qarşısında mühüm vəzifələrin dayandığını qeyd edib.

Daha sonra Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova “20 Yanvar - yaddaşda əbədiləşən tarix”, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli “20 Yanvar cinayəti – tarixin daha bir ibrət dərsi” və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi “Milli azadlıq mücahidi Ülvi Bünyadzadə” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə 20 nömrəli məktəbin 9-cu sinif şagirdi Fatimə Şammədzadə Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib. Həmçinin 20 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Etibar Məmmədov və 7-ci sinif şagirdi Elcan Həsənov “Vətən sağ olsun” kompozisiyasını nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.