www.science.az
03.03.2020 09:04

AMEA-nın müxbir üzvü Rauf Hüseynovun 80 yaşı tamam olur

Martın 4-də ölkəmizdə bərk cisim nəzəriyyəsi sahəsində tanınmış alim, Fizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Rauf Hüseynovun 80 yaşı tamam olur.

Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna təyinat alıb və bu günədək həmin institutda fəaliyyət göstərir. Alim 2003-cü ildən Fizika İnstitutunun Bərk cisim nəzəriyyəsi laboratoriyasına rəhbərlik edir.

O, 1965-1971-ci illərdə P.M.Lebedev adına Fizika İnstitutunda elmi təcrübə keçib. Həmin institutun aspiranturasına daxil olan R.Hüseynov 1973-cü ildə akademik L.V.Keldışın rəhbərliyi ilə “Kristalda eksiton hallarının dayanıqsızlığı ilə əlaqədar elektron faza keçidi” mövzusunda namizədlik, 1986-cı ildə isə “Güclü anizotropluğa malik yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulonun qarşılıqlı təsiri və kollektiv hadisələr” mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alimin elmi fəaliyyəti bərk cisim nəzəriyyəsinin ən aktual istiqamətləri ilə bağlıdır. O, yarımkeçiricilərdə “eksiton dielektriki” halının yaranma mümkünlüyünü araşdıraraq mühüm nəticələr əldə edib. R.Hüseynov “Süni kvazi-ikiölçülü yarımkeçirici üstqəfəslərin enerji spektri və optik xassələri” kimi yeni elmi istiqamətin yaradıcılarından biridir. O, xaricdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib, alimin əsərləri tanınmış beynəlxalq jurnallarda dərc edilib.

R.Hüseynov “Fizika” jurnalı yarandığı gündən onun redaksiya heyətinin üzvü olub və bu jurnalın elmi səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb. Həmçinin Dissertasiya Şuralarının üzvü kimi bir çox dissertasiyalara opponentlik edir.

O, uzun illər Fizika İnstitutunun aspirantlarına bərk cisim fizikasının aktual problemlərinə dair mühazirələr oxuyub, həmçinin Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas kurslarını tədris edib.

Görkəmli alim Rauf Hüseynovu 80 ilik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.