www.science.az
11.03.2020 17:45

İnformasiya texnologiyaları üzrə elmi şuranın ilk iclası keçirilib

Martın 11-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdindəki informasiya texnologiyaları üzrə elmi şuranın ilk iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə iddiaçıların müdafiə prosesinin asanlaşdırılmasının zəruriliyini qeyd edib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında bu istiqamətdə ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Akademik R.Əliquliyev bugünkü iclasda elmlər doktoru hazırlığı üzrə 2, fəlsəfə doktoru hazırlığı üzrə isə 3 dissertasiya mövzusunun müzakirə olunacağını bildirib.

Daha sonra o, institutunun dissertantı, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verib. R.Əliquliyev, həmçinin institutun dissertantı, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi model və metodları” mövzusunda dissertasiya işi ilə bağlı ümumi məlumatları diqqətə çatdırıb.

Hər iki mövzu ilə bağlı suallar cavablandırılıb. Səsvermə nəticəsində mövzular təsdiq edilib və iddiaçıların müdafiəyə buraxılması tövsiyə olunub.

İclasda, həmçinin fəlsəfə doktoru hazırlığı üzrə 3 dissertasiya mövzusunun müzakirəsi aparılıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Könül Sultanovanın “Qeyri-müəyyən mühitdə paralel paylanan proseslərin idarəetmə model və alqoritmlərinin işlənməsi”, Sumqayıt Dövlət Universitetinin doktorantı Qənimə Hüseynovanın “Maşınqayırma istehsalında məhsulun keyfiyyətinə nəzarət və idarəetmə sisteminin model və alqoritmlərinin işlənməsi” və İTİ-nin dissertantı Roza Şahverdiyevanın “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənilməsi” mövzusunda dissertasiya işləri müzakirə olunaraq təsdiq edilib.

Tədbirin sonunda informasiya texnologiyaları üzrə elmi şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.