www.science.az
13.03.2020 10:13

Muzeydə Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə müəssisənin əməkdaşları ilə yanaşı, Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin muzeydə istehsalat təcrübəsi keçən tələbələri də iştirak ediblər.

Yığıncaqda Ədəbiyyat Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının katibi Aysel Bayramova “Xalqının xaqan şairi” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə Azərbaycan ədəbiyyatının qızıl dövrü sayılan XII əsrin nümayəndəsi Xaqani Şirvaninin yaşadığı mühit və müasirləri haqqında məlumat verib. Bundan əlavə, şairin əsərlərindən “Töhfətül-İraqeyn” məsnəvisi, 17 min beytlik şeirlər “Divan”ı, nəsr formasında yazılmış epistolyar irsi ilə yanaşı, silsilə şəkildə yazılmış “Həbsiyyə” qəsidəsindən danışıb.

Ədibin şeir və qəsidələrindən parçalar səsləndirən A.Bayramova muzeyin ekspozisiya zallarında şairin əsərlərinə çəkilmiş illustrasiyaları, “Mədain xərabələri” qəsidəsindən bir fraqmenti əks etdirən xəttatlıq nümunəsini, daşbasma üsulu ilə nəşr edilmiş “Divan” nüsxələrini, eləcə də “Xaqani Şirvani həbsdə” tablosunu iştirakçılara nümayiş etdirib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda Bakı Slavyan Universitetinin dosenti İradə Quliyeva çıxış edərək tələbələr üçün yaradılan şəraitə görə muzeyin rəhbərliyinə minnətdarlığını bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.