www.science.az
22.05.2020 12:29

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli: “RSXM gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir”

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosu və ölkə ərazisindəki seysmik stansiyaları məhdud sayda əməkdaşlar cəlb olunmaqla fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşları tərəfindən sistemin fasiləsiz olaraq işlənməsini təmin etmək üçün proqram təminatları, telemetrik stansiyaların vəziyyəti və parametrlərinə nəzarət edilir. Həmçinin iş prosesində yaranmış hər hansı bir problem operativ halda aradan qaldırılır.

Bu barədə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli müsahibəsində məlumat verib. Onun sözlərinə görə, hazırda mərkəzin 40 seysmik stansiya şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr və partlayışlar emal edilir.

O, bildirib ki, pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı müşahidə olunub. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında isə seysmiklik fon səviyyəsində olub.

RSXM-nin baş direktoru qeyd edib ki, emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur: “Bu kataloqlarda zəlzələ ocaqlarının  parametrləri göstərilir. Emal olunan məlumatlar bazaya toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası ml≥3.0 olan zəlzələlər aidiyyəti orqanlara göndərilir”.

Q.Yetirmişlinin sözlərinə görə, pandemiya dövründə, həmçinin ayrı-ayrı şöbələrin rəhbərləri ilə qarşıda duran vəzifələrə dair virtual müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib. Mərkəzin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” (Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri) elmi jurnalının 2020-ci ilin birinci yarımilliyində nəşr olunacaq növbəti sayı çapa hazırlanıb.

Sonda direktor vurğulayıb ki, hazırda mərkəz Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi dövründə işə cəlbetmə ilə bağlı bütün tələb, qayda və rejimlərinə əməl edilməklə, gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin mərkəzin xarici ölkələrdə olan tərəfdaşları ilə əməkdaşlıq və təcrübə mübadiləsinə dair vaxtaşırı virtual müzakirələr aparılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.