www.science.az
14.07.2020 15:44

Birlik və inamdan güc alan siyasət və qətiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqi və bəyanatı müstəqil dövlətimizin ölkəmizin sərhədlərinin etibarlı şəkildə daim qorunacağına inamının və torpaqlarımızın azad ediləcəyinə dövlət səviyyəsində siyasi-hərbi təminatın konkret ifadəsidir. Ona görə də dövlət başçımızın bəyanatında ifadə olunan qətiyyətli mövqe Azərbaycan xalqının ölkəmizin rəhbərinə bəslədiyi sarsılmaz inama, möhkəm və etibarlı dəstəyə əsaslanır. Prezident İlham Əliyevin bəyanatı dünya ictimaiyyəti qarşısında Azərbaycan Respublikasının ölkələrin ərazi bütövlüyü prinsipinə davamlı və məsuliyyətli münasibətlərini növbəti dəfə aydın surətdə ifadə edir. Müstəqil Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət beynəlxalq hüquq normalarına və xalqımızın iradəsinə tamamilə cavab verir. Bu mənada Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı nitqi Ermənistanı növbəti böhrana aparan Paşinyan rejiminə onların havadarlarına sarsıdıcı zərbədir. İşğalçı və təcavüzkar Ermənistanın Tovuz rayonu ərazisində torpaqlarımıza hərbi müdaxilə etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə və eyni zamanda beynəlxalq aləmdə qazandığı liderlik nüfuzu qarşısında Paşinyan rejiminin çaşqınlıq və miskinliyinin təzahürüdür.

Artıq Azərbaycan Respublikası dünya miqyasında beynəlxalq birliyin səyləri və təşəbbüslərini istiqamətləndirən və əlaqələndirən bir ölkə kimi böyük nüfuz qazanmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə son iki-üç ay ərzində Türk Dövlətləri ölkələrinin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin rəhbərləri ilə, Türkmənistan və Əfqanıstan prezidentləri ilə, Dünya Bankının rəsmiləri ilə keçirilmiş onlayn Zirvə görüşləri və aparılmış müzakirələr Azərbaycan Respublikası Prezidentinin dünya liderlərindən biri olduğu bir daha isbat etdirir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının xüsusi sessiyasının çağrılması təşəbbüsünün dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin rəhbərinin növbəti böyük uğurudur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq keçirilməsinə beynəlxalq birlik tərəfindən tam dəstək verilmiş Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının xüsusi sessiyasının iclasında Ermənistanın iştirak etməkdən imtina etməsi bədnam ölkənin dünya ictimaiyyəti üçün zəruri olan birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq prinsiplərindən çox uzaq olduğunu, mövcud rejimin hər cəhətdən geridə qalmış ölkəsində yaranmış mürəkkəb ictimai-siyasi bataqlıqdan uzağa gedə bilmədiyini aydın surətdə təsəvvür etməyə imkan verir.

Siyasi dayaqlarını və nüfuzunu itirmiş, ölkəsində yaranmış böhrandan çıxış yolu tapmaqda aciz qalan Nikol Paşinyanın çarə yolunu hərbi müdaxilədə və təxribatda axtarması onun erməni xalqına vəd etdiyi xülyaların arxasında pərdələnmək dövrünün tükəndiyini göstərir. Ermənistanın Azərbaycan torpaqlarına növbəti hərbi müdaxiləsi də bu təcavüzkar ölkənin və ona rəhbərlik edən Paşinyan kimi populist «siyasətçinin» işğalçılıq niyyətlərini davamı etdirdiklərini bir daha nümayiş etdirir. Lakin Ermənistan tərəfi başa düşmür ki, ümid etdikləri hərbi müdaxilə eyforiyası Paşinyan rejimini növbəti böhrana aparmaqdan uzağa gedə bilməyəcəkdir.

Ölkəmizin Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı bəyanatı Azərbaycan xalqının səfərbərlik, vətənpərvərlik və birlik andı kimi səslənir və xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmasına dərin inamı ifadə edir.

Xalqımızın bütün təbəqələri kimi Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də möhtərəm Prezidentimizin atdığı bütün addımları, tutduğu qətiyyətli mövqeyi ürəkdən dəstəkləyir və müdafiə edirlər.

Ermənistan tərəfi unutmamalıdır ki, onun təxribatçı hərbi qüvvələri son illərdə Lələtəpədə və Qızılqayada torpaqlarımızı qəsbkar düşməndən azad etmiş qəhrəman Azərbaycan ordusu ilə üz-üzədir. Azərbaycan xalqı inanır ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız və ordumuz böyük qələbəyə nail olacaqdır. Prezidenti İlham Əliyevin birlik və inamdan doğan müdrik siyasəti və Ali Baş Komandan kimi qətiyyəti mütləq qalib gələcəkdir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın birinci vitse-prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.