www.science.az
15.07.2020 10:40

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası onlayn formatda təşkil olunub.

İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı müəssisənin 2020-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Diqqətə çatdırıb ki, bu ilin birinci yarısında institutda 2 elmi istiqamətdə 5 mövzuya dair 16 iş üzrə tədqiqatlar davam etdirilib. İnstitut əməkdaşlarının 36-sı xarici ölkələrdə olmaqla 59 elmi məqalə və tezisi çap olunub. Əməkdaşların əsərlərinə Norveç, Türkiyə və Rusiya alimləri tərəfindən istinadlar edilib.

M.Qasımlı qeyd edib ki, videokonfrans formatında keçirilmiş beynəlxalq elmi toplantılarda əməkdaşların 20, respublika konfranslarında isə 7 məruzəsi dinlənilib. Bundan başqa, institutda 2 elmi seminar keçirilib və əməkdaşlar kitab təqdimatlarında çıxışlar ediblər.

Bildirilib ki, Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Baxşıyeva Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə təlimdə iştirak edib. İnstitutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Gunay Feyziyeva may ayında “Web of Science” tərəfindən təşkil edilən 3 vebinarda (“Səmərəli elmi fəaliyyət üçün Clarivate alətləri”, “Clarivate alətlərinin geniş imkanları” və “Beynəlxalq jurnallarda nəşr üçün praktik təlimatlar”) iştirak edərək sertifikat alıb. Tərcümə, informasiya və nəşr şöbəsinin müdiri Günel Musayeva isə AMEA-nın elmi və ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub.

Direktor əlavə edib ki, Qafqazşünaslıq İnstitutu gənc kadr hazırlığı siyasətini də uğurla həyata keçirir. Şöbə müdiri Günel Musayeva və Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyevanın dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix və Beynəlxalq münasibətlər kafedralarının professor-müəllim heyətinin iştirakı ilə videokonfrans formatında keçirilən ikinci geniş müzakirədən sonra müdafiəyə tövsiyə edilib. İnstitutun elmi katibi, p.ü.f.d., dosent Südabə Hüseynova və Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d., dosent Vahid Ömərov siyasi elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul ediliblər.

İclasda “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” əsəri, Qafqazşünasların II beynəlxalq forumunun materialları (2 cilddə) və “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı çapa tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.