www.science.az
21.09.2020 16:02

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda çapdan çıxıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, həmin institutun laboratoriya müdirləri, professorlar İmadəddin Əmiraslanov, Nadir Abdullayev və Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin dosenti Ziya Əliyevin xarici həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktoru 6.266 olan jurnalda dərc edilib.

“npj Quantum Materials”  jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Məqalədə (MnBi2Te4) (Bi2Te3)m, m = 0, ⋯, 6 vander Waals birləşmələrinin homoloji sırasında maqnetik topoloji izolyatorlar (TI) ailəsi haqqında aparılan tədqiqatlarının nəticələri barədə məlumat verilir.

Müəyyən edilib ki, bu materialların maqnit, elektron və topoloji xassələri m-in qiymətindən kəskin asılıdır və buna görə də qeyd olunan xassələr asan tənzimlənə bilir. Qonşu manqan təbəqələri arasındakı antiferromaqnetik (AFM) əlaqə MnBi2Te4 (m = 0) birləşməsindən MnBi4Te7 (m = 1) və MnBi6Te10 (m = 2)- ə keçdikdə kəskin zəifləyir. m-in daha böyük (m = 3) qiymətində AFM-dən ferromaqnitə (FM) keçid baş verir, bu zaman laylararası əlaqə praktiki olaraq itir. Beləliklə, AFMTİ və FMTI halları müvafiq olaraq m = 0, 1, 2 və m = 3 qiymətlərində reallaşdırılır. (MnBi2Te4) (Bi2Te3)m sırasında TI-lərin daxili maqnit fazalarının müxtəlifliyi, topoloji kvant hesablamaları, həmçinin antiferromaqnit və 2D spintronika üçün yeni funksional heterostrukturlar yaratmağa imkan verir.

Qeyd edək ki, “npj Quantum Materials” jurnalında kvant materialları sahəsində mühüm nəticələri özündə əks etdirən yüksəkkeyfiyyətli məqalələr dərc olunur. Jurnal dünyaca məşhur “Springer Nature” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 6.266-dır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.