www.science.az
16.12.2013 00:00

AMEA-nın nümayəndə heyəti Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunda olub

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və III katibSamir Rzayevdən ibarət nümayəndə heyəti Polşa Elmlər Akademiyasının (PEA) Geologiya İnstitutunda olub.

PEA Geologiya İnstitutunun direktoru, prof. Marek Levandovski, prof. Kristina Şiroçinska, prof. İoanna Miroslav-Qrabovska və dəvət olunmuş prof. Dinara Abbasovanın iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycan nümayəndə heyəti institutun strukturu, laboratoriyaları, həyata keçirilmiş tədqiqatlar ilə tanış olub, onlara beynəlxalq layihələrdə əməkdaşların iştirakı haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda A.Əlizadə Polşa nümayəndə heyətini Azərbaycanın palçıq vulkanları ilə tanış olmağa, həmçinin bu gün Azərbaycanda prioritet məsələ olan kadr hazırlığının yüksək səviyyədə təşkili məqsədilə təcrübə mübadiləsi proqramlarının hazırlanması üçün AMEA Geologiya İnstitutuna dəvət edib.

Xatırladaq ki, 9 may 2013-cü il tarixdə PEA Geologiya İnstitutu ilə AMEA Geologiya İnstitutu arasında imzalanmış sənədə əsasən birgə tədqiqatların həyata keçirilməsi, kadr hazırlığı, təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsi haqqında qərar qəbul olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.