www.science.az
27.11.2015 13:11

Azərbaycan dilçilik elminə ağır itki üz vermişdir

Görkəmli alim, Çağdaş Azərbaycan filologiyasının, xüsusən də dilçilik elminin korifeylərindən biri, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, Bakı Dövlət Uni­ver­si­te­tinin Türkologiya ka­fed­rasının müdi­ri, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyev noyabrın 27-də ömrünün 79-cu ilində vəfat edib.

Tofiq Hacıyev 1936-cı il mayın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1968-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim, dosent, 1969-1970-ci illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1970-1984-cü illərdə Türkologiya kafedrasında professor, 1984-cü ildə həmin kafedranın müdiri olmuşdur. 1993-cü ildə Azərbaycan Respublikasının Maarif naziri vəzifəsində çalışmışdır.

1962-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə filologiya elmləri doktoru alimlik dərəcələrin almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Dilçi alim 2006-cı ildən  ömrünün son gününədək  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədri olmuş, 1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmiş, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif edilmişdir. O, Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə "Türk dünyasına xidmət" mükafatının sahibidir. 2004-cü ildə Qaraman Türk dili mükafatına, Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüş, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adını almış, səmərəli elmi fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

T.Hacıyevin "Sabir: qay­naq­lar və sələflər", "Şeirimiz, nəsrimiz, ədə­­bi dilimiz", "Dədə Qorqud: dilimiz, dü­şün­­cəmiz" kitabları elmi ictimaiy­yə­tin rəğ­bətlə qarşıladığı əsər­lə­r­d­ir. O, "Azər­bay­can sovet ədəbiyyatı" dərs­li­yi­nin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak et­mişdir.

"Аzər­baycan ədə­bi dili tarixi" dərs­liyi­nin, "Azər­bay­­can ədəbi dili tarixi", "XX əs­rin əv­vəl­lə­rində Azərbaycan ədə­bi dili tarixi", "Azər­­­baycan dili tarixi", "Azər­baycan di­li" kimi monoqrafiya və dərs vəsaitlə­rinin müəl­li­fidir.

"Dədə Qorqud kitabı ensiklopediyası"nın aparıcı müəlliflərindən biri və birinci cildinin redaktoru, "Üzeyir Hacıbəyov ensiklopediyası" və AMEA-nın altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindəndir.

Alimin klassiklərimizin dili və üslubu ilə bağlı on­larca məqaləsi, "Satira dili", "Yazıçı dili və ideya-bədii təh­lil", "Mol­la Nəsrəddin"in dili və üslu­bu", "Füzuli: dil sənətkarlığı" kitab­ları çap olunmuş­dur. Orta məktəblər üçün "Türk dili" (IX siniflər üçün), "Türk dili" (X-XI siniflər üçün) dərslikləri  nəşr edilmişdir. Görkəmli alim 20 kitabın, 500-dən çox el­mi məqalənin müəl­li­fi­dir.

T.Hacıyev kadr ha­zırlığı sahə­sin­də də çox iş görmüş, dil tarixi, dialekto­lo­giya üzrə respublikamız və başqa türk xalqları üçün çoxlu sayda elmi işçi ye­tişdirmişdir. Kişinyov, Al­ma­tı, Düşən­bə, Bişkek, Nukus, Nal­çik və baş­qa şəhərlərdə elmi konfrans və sim­po­zium­­larda dil tarixi və dialek­to­logiyanın ak­tual mövzularında mə­ru­zə­lər etmişdir. Onun elmi ya­ra­dı­cı­­lı­ğında "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı təd­qiqatlar mühüm yer tutur.

Akademik T. Hacıyev 2014-сü ildən bugünədək AMEA-nın Nəsimi adına Dil­çilik İnsti­tu­tu­­nun direktoru,  Bakı Dövlət Uni­ver­si­te­tinin Türkologiya ka­fed­rasının müdi­ri­ vəzifəsində çalışmışdır.

Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Tofiq Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Görkəmli alimlə vida mərasimi noyabrın 28-də saat 11:30-da AMEA-nın Əsas binasında keçiriləcək.

 Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir