www.science.az
27.12.2017 17:00

Tarixçi alim İsrafil Məmmədovun 90 illik yubileyi qeyd olunub

Dekabrın 27-də AMEA-nın Əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə tanınmış tarixçi alim İsrafil Məmmədovun 90 illik yubileyi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İ.Məmmədovun Azərbaycan tarix elminin inkişafında və təbliğində müstəsna xidmətlərindən, alimin yüksək insani keyfiyyətlərindən danışıb. Vurğulayıb ki, alim erməni faşizmini və onun himayədarlarını ifşa edən bir sıra əsərlərin müəllifidir.

Sonra çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən Azərbaycanda və Türkiyədə lentə alınan 12 seriyalı “Sarı gəlin” sənədli filminin baş məsləhətçisinin İ.Məmmədov olduğunu bildirib. Qeyd edib ki, onun respublika radiosunda Azərbaycan dilində 1.145, erməni dilində 2.680 elmi-analitik məqaləsi səsləndirilib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, alim erməni vandallarının xalqımıza qarşı törətdikləri soyqırımları, deportasiya, erməni təcavüzkarlığı, Azərbaycan həqiqətləri ilə bağlı Moskva, Ankara, İstanbul və Bakıda keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Y.Mahmudov deyib ki, İ.Məmmədov erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis dillərində dünya ictimaiyyətinə çatdırıb.

Tədbir çıxışlarla davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.