www.science.az
06.03.2018 11:36

Akademik Əjdər Məcidovun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQKİ) görkəmli kimyaçı alim, “Şöhrət” ordeni laureatı, bu müəssisənin şöbə müdiri, akademik Əjdər Məcidovun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək alimin həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, Ə.Məcidov elmi fəaliyyətinə 1964-1969-cu illərdə SSR EA Molekulyar Biologiya İnstitutunda başlayıb, 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyib, ömrünün son 30 ilini isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna həsr edib.

D.Tağıyev alimin 1966-cı ildə kimya üzrə fəlsəfə, 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə isə professor elmi adını aldığını söyləyib. O, Ə.Məcidovun 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçildiyini xatırladıb.

İnstitut direktoru kimyaçı alim tərəfindən ilk dəfə olaraq liqandlarla metalların kristallik kompleks birləşmələrinin sintez edildiyini, onların kristal və molekulyar quruluşunun öyrənildiyini, paramaqnit mərkəzlər arasındakı məsafənin təyin olunduğunu deyib: "Onun rəhbərliyi ilə aparılmış metalların xelatlaşdırıcı stabil radikallarla komplekslərinin sintezi, quruluşu və xassələrinin tədqiqi sahəsindəki tədqiqatlar koordinasion birləşmələr kimyasının və homogen katalizin yeni istiqamətinin yaranması üçün təməl olub".

D.Tağıyev akademikin 220-dən artıq elmi məqalə yazdığını və onun araşdırmalarının beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini deyib. O, alimin səmərəli elmi və pedaqoji fəaliyyətinə görə, 2005-ci ildə ölkə başçısının Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edildiyini vurğulayıb.

Konfransda, həmçinin müəssisənin aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Mirheydər Abbasov, KQKİ-nin Həmkarlar Təşkilatının sədri, kimya üzrə elmlər doktoru, professor Arif Əfəndi, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya üzrə elmlər doktoru Etibar İsmayılov, ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru Rayyət İsmayılov və digərləri çıxış edərək alimin həyat və yaradıcılığından, o cümlədən yüksək insani keyfiyyətlərindən danışıblar.

Sonda Ə.Məcidov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.