www.science.az
09.04.2018 11:40

Goranboy rayonunda XI-XII əsrlərə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edilib.

Tapıntılar Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında, Cənubi Qafqaz Boru Kəmərinin 247-ci kilometrliyində aşkarlanıb. Arxeoloji abidənin tarixi elmi əhəmiyyəti nəzərə alınaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Kərpiclitəpə adlandırılan arxeoloji qazıntı sahəsində 10 nəfər arxeoloqdan və 12 nəfər köməkçi heyətdən ibarət olan ekspedisiya üzvləri tərəfindən ilk dəfə tədqiqat işlərinə başlanılıb. Qısa müddətdə təxminən 2 hektara yaxın abidə ərazisinin 300 kvadratmetrlik hissəsində qazıntı işləri aparılıb və zəngin tarixi-elmi məlumatlar əldə edilib.

Arxeoloji qazıntılar zamanı düzbucaqlı formalı, Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Arxeoloji qazıntı sahəsindən tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Lakin mədəni təbəqələrdə rast gəlinən yanıq izləri bu qəsrin təxminən XIII əsrin ortalarına yaxın hansısa qısamüddətli müharibə nəticəsində yandırıldığını və dağıdıldığını söyləməyə imkan verir. Qazıntı işləri zamanı qəsrin daxilində kərpic bişirmək üçün böyük bir kürə, çoxlu sayda otaq, təsərrüfat quyuları, dulus sobaları, təndirlər, həmçinin digər yardımçı tikililər aşkarlanıb. Arxeoloji qazıntılar zamanı ərazidən çoxlu sayda maddi-mədəniyyət nümunələri və müxtəlif heyvan sümükləri üzə çıxarılıb.

Ekspedisiya üzvləri tərəfindən tapılan məişətdə işlədilən müxtəlif formalı şirli və şirsiz gil məmulatlar, şüşə və fayans qablar, çıraqlar, mürəkkəb qabları, numuzimatik materiallar, çəki daşı, bəzək əşyaları - muncuqlar, bilərziklər, su borusu, eləcə də metaldan düzəldilən zəncir, mismar, at nalı və digər çoxlu sayda maddi-mədəni nümunələr qəsrin daxilində vaxtilə sənətkarlığın və ticarətin yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirib.

Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınmaqla və bu tapıntının qorunub saxlanılması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərarına gəlinib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Museyibli bildirib ki, belə bir feodal qəsri bu vaxtadək neft-qaz kəmərlərinin dəhlizində heç vaxt aşkar edilməyib. Kərpicli arxeoloji ərazisində aşkar olunmuş feodal qəsri Azərbaycanın orta əsrlər tarixini, eləcə də həmin dövr istehsal mədəniyyətini, sənətkarlıq sahələrini və mədəni-iqtisadi əlaqələrini öyrənmək üçün böyük əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.