www.science.az
13.06.2018 12:15

"Elm texnologiyaları, innovasiya siyasəti və sənayesi" mövzusunda təlim-seminar keçirilir

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları üçün təlim-seminara başlayıb.

"Elm texnologiyaları, innovasiya siyasəti və sənayesi" mövzusunda keçirilən təlimdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək seminarın ənənə hal aldığını bildirib. O, elm, texnologiya və innovasiya potensialının artırılmasının ölkə iqtisadiyyatının əsas prioritet istiqaməti olduğunu söyləyib. V.Babayev qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin iki ölkə arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaqdır.

Sonra təlimlər qrupunun rəhbəri Eunjoo Kim çıxış edərək 1987-ci ildə yaradılan STEPI-nın Koreyanın elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini deyib. Bildirib ki, 2014-cü ildə STEPI-nın nəzdində yaradılan Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi Koreyanın elm, texnologiya və innovasiya sahəsindəki təcrübəsini tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmaqda maraqlıdır.

Qeyd edək ki, üç gün davam edəcək seminarda “Elm texnologiyası siyasətinin həyata keçirilməsi”, “Elm, texnologiya və innovasiya parklarının idarəedilməsi”, “Milli regional innovasiya sisteminin yaradılması” kimi mövzulara toxunulacaq. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinləniləcək.

Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunacaq. Seminarda Koreyanın texnologiya transferi və kommersiyalaşdırılması siyasəti və Azərbaycanda bu sahədə mövcud vəziyyət ilə bağlı müzakirələr aparılacaq. Təlimlər Azərbaycan kontekstində texnologiyanın transferi və kommersiyalaşdırılmasının təşviqi ilə bağlı qrup təlimləri ilə başa çatacaq.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.