www.science.az
11.07.2018 12:53

“Muxtar Kazım oğlu İmanov. Biblioqrafik göstərici” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova həsr olunan “Muxtar Kazım oğlu İmanov. Biblioqrafik göstərici” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan kitabın tərtibçisi Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əsgər, elmi redaktoru Kəmalə Məmmədovadır.

Biobiblioqrafik göstərici akademik Muxtar İmanovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biobiblioqrafiyasını - kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir.

Akademik Muxtar Kazımoğlu-İmanovun əsərlərinin biobiblioqrafik göstəricisi 1972-2018-ci illəri əhatə edir. Burada alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixlərinə diqqət yetirilib. 

Biobiblioqrafik göstəricidə Muxtar İmanovun monoqrafiyaları, elmi simpozium, konqres, konfrans, sessiya materialları, dövri mətbuat səhifələrində, ədəbi-bədii toplularda çap olunmuş elmi, publisistik və ədəbi yazıları, bədii tərcümələri, müsahibələri, həmçinin alimin elmi rəhbər, rəsmi opponent olduğu və rəy verdiyi dissertasiyalar qeyd olunub.

M.Kazımoğlu-İmanovun türk və rus dillərindəki məruzə, məqalə və tezislərinin çap olunduğu kitabların, redaktə etdiyi, rəy verdiyi kitabların adları da vəsaitdə öz əksini tapıb.

Alimin Azərbaycan elminin inkişafında rolu, xüsusən AMEA Folklor İnstitutunun direktoru olduğu illərdəki fədakar əməyi, yaradıcılığı haqqında Azərbaycan və əcnəbi alimlər tərəfindən yazılmış məqalələrin adları kitabda ayrıca bölmədə yer alıb. Biblioqrafik göstəricidə bütün materiallar bölmələr üzrə qruplaşdırılıb və xronoloji qaydada əlifba sırası ilə yerləşdirilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda M.İmanovun əsərlərinin, həmçinin müştərək müəlliflərin əlifba göstəriciləri də təqdim edilib.

Kitab folklorşünaslıq və əbədiyyatşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.