www.science.az
27.07.2018 16:35

AzScienceNet və AzEduNet şəbəkələri arasında əlaqələr genişləndirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) direktoru Natiq Yəhyayev, icraçı direktoru Renat Vitkalov və satış və marketinq üzrə direktoru Fariz Musayev ilə müşavirə keçirilib.

Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet elm kompüter şəbəkəsinin böyük imkanlara malik olduğunu söyləyib, AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir.

Direktor müavini AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd edib ki, bu məqsədlə institut Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən GEANT şəbəkəsinə qoşulub. AzScienceNet ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurub.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet və AzEduNet şəbəkələri arasında inteqrasiyanın təmin olunması nəticəsində ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılıb.

Artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu deyən direktor müavini digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. Alim qeyd olunan işlər çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinə fiber-optik əlaqə kanallarının çəkilməsi, virtual hesablama resurslarının verilməsi, “Cloud Computing” və digər xidmətlərdən istifadə, GEANT şəbəkəsi daxilində yüksəksürətli internetə çıxışın təmin olunması məqsədilə IP-giriş imkanlarının verilməsi istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra çıxış edən AzEduNet-in icraçı direktoru R.Vitkalov müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil sisteminin informasiyalaşdırılması və İKT infrastrukturunun inkişafı sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. O, həmçinin GEANT ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, AzScienceNet şəbəkəsi vasitəsilə GEANT-a qoşulma Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasında böyük rola malikdir.

Sonda müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Yaxın zamanda ali məktəblərin İT-mütəxəssislərinə GEANT şəbəkəsi tərəfindən təqdim olunan xidmətlərdən istifadə qaydalarının izah olunması məqsədilə treninqlərin keçirilməsinə dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.