www.science.az
08.10.2018 15:47

AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 illik yubileyi qeyd olunub

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ölkəmizdə yüksək molekullu birləşmələr və neft kimyası sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 illiyinə həsr olunan tədbir yubiley keçirilib.

Yubiley yığıncağında AMEA-nın vitse prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev kimyaçı alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, AMEA-nın müxbir üzvü E.Zeynalovun elmi fəaliyyətinin əsas istiqamətləri füllerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin və funksionallaşdırılmış karbon nanostrukturların iştirakında karbohidrogenlərin və polimerlərin maye fazada katalitik aerob və peroksid oksidləşmə proseslərinin kinetik qanınauyğunluqlarının öyrənilməsidir. Bundan əlavə, sintetik neft- və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib təkmilləşməsi, neft kompozisiyalarının tərkibində olan antioksidantların fəallığına dair kinetik araşdırılmaların aparılması və polimer materialların termiki və termooksidləşdirici stabilliyi məsələlərinin öyrənilməsi də alimin əsas elmi fəaliyyət istiqamətləridir.

Akademik D.Tağıyev diqqətə çatdırıb ki, E.Zeynalovun rəhbərliyi altında aparılmış tədqiqat işlərinin nəticəsində ilk dəfə olaraq Azərbaycan neftlərinin və neft fraksiyalarının tərkibində olan təbii antioksidantların aktivliyi tədqiq olunub, Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yaradılıb, sintetik neft turşuları və oksiturşuların alınmasının elmi və praktiki əsasları işlənib hazırlanıb, nanoölçülü titan oksidlərin iştirakı ilə efirlərin alınma reaksiyaları öyrənilib. Hazırda kimyaçı alim neft mənşəli kaustobiolitlərdən alınan nano-karbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair funtamental tədqiqatlar aparır.

Yubliyarın yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsindəki xidmətlərindən də bəhs edən D.Tağıyev onun rəhbərliyi  altında 11 kimya və texnika üzrə fəlsəfə doktoru və 1 kimya elmlər doktorunun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, E.Zeynalovun apardığı tədqiqat işləri 10 monoqrafiya və kitabda, 400-ə yaxın elmi məqalədə, o cümlədən 15 müəlliflik şəhadətnaməsi və patentdə əksini tapıb.

Sonra akademik D.Tağıyev institutun Fəxri fərmanını alimə təqdim edib.

Tədbirdə kimya üzrə fəlsəfə  doktoru Elçın Hüseynov yubilyarın həyat və elmi fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib. 

Daha sonra akademik Əjdər Məcidov, professor Asif Məmmədov və başqaları çıxış edərək kimyaçı alimi 70 illik yubileyi münasibətilə təbrik edib, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Sonda çıxış edən E.Zeynalov tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.