www.science.az
10.10.2018 13:44

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Oktyabrın 10-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 79-cu ildönümündə ikinci Fəxri xiyabanda alimin məzarını ziyarət edib. İnstitut əməkdaşları Aida xanımın xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoyublar.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək böyük alimin keçdiyi həyat yolundan bəhs edib, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

G.Baxşəliyeva görkəmli alimin öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını zənginləşdirdiyini qeyd edib. Bildirib ki, professor A.İmanquliyevanın çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı olub və o, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim idi. Şərq və Qərb mədəniy­yətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürüb, mədəni tərəqqini şərtləndirən amillərə istinad edib.

Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan G.Baxşəliyeva onun öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəldiyini qeyd edib.

G.Baxşəliyeva A.İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işləri diqqətə çatdırıb.

O, professor A.İmanquliyevanın elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxladığını, alimin rəhbərliyi ilə qısa müddətdə bir çox namizədlik disser­ta­si­yalarının müdafiə edildiyini xatırladıb.

Bu gün də Aida İmanquliyevanın əsərlərinin oxunulduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu deyən G.Baxşəliyeva alimin misilsiz xidmətlərinin heç vaxt unudulmayacağını və onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, elmi məktəbin əsasını qoyduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.