www.science.az
07.11.2018 16:15

Volksvagen Fondunun dəstəyi ilə AMEA Botanika İnstitutunda uğurlu layihə həyata keçirilir

Almaniyanın Volksvagen Fondunun (Volkswagen Stiftung) Proqram direktoru Dr. Matthias Nöllenburg AMEA Botanika İnstitutunda olub. Məqsəd institut tərəfindən Volksvagen Fondunun dəstəyilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM)  ilə müştərək həyata keçirilən “Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin nəticələri ilə tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Qonaq bu elmi müəssisənin direktoru, akademik Validə Əlizadə, layihənin Azərbaycan tərəfindən əlaqələndiricisi, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva və institutun əməkdaşları ilə görüşüb.

Akademik V.Əlizadə layihə çərçivəsində institutun Herbari Fondunun infrastrukturunda yenidənqurma və müasir standartlara cavab verən müvafiq avadanlıqlarla təmin olunması işlərinə başlanıldığını, sonradan Fondda bu işlərin AMEA-nın dəstəyilə tamamlandığını diqqətə çatdırıb. Bildirib ki, institutun gənc mütəxəssisləri və doktorantları BBBM-də biologiyanın müasir sahələri olan molekulyar sistematika, biomüxtəlifliyin informatikası və s. üzrə təcrübə toplayıb, Azərbaycanın bəzi qiymətli ağac növlərinin müasir statusunun təyini üzrə elmi tədqiqatlar aparıblar.

Daha sonra qonaq institutun Herbari fondu ilə tanış olub. O, herbari nümunələrinin rəqəmsallaşdırılması və virtual məlumat bazasına daxil edilməsi üzrə aparılan işlərlə yaxından maraqlanıb, bu istiqamətdə fəaliyyət göstərən gənc mütəxəssislərlə müzakirələr aparıb. Məlumat verilib ki, hazırda dəyərli herbari nümunələrinin beynəlxalq virtual herbari məlumat bazasına daxil edilməsi prossesi davam etdirilir.

Dr. M.Nöllenburg Mikologiya və algologiya üzrə yenilənmiş herbari kolleksiyası ilə də tanış olub. AMEA-nın professoru Dilzarə Ağayeva qonağa bu itiqamətlərdə institutda aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Proqram direktoru, həmçinin institutda fəaliyyət göstərən Botanika Muzeyini də ziyarət edib.

Botanika İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan Dr. Matthias Nöllenburg bu elmi müəssisədə qısa müddət ərzində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib, layihənin Volksvagen Fondu tərəfindən dəstəklənən uğurlu işlərdən biri olduğunu vurğulayıb.

Sonda tərəflər əməkdaşlığın davam etdirilməsi üzrə razılığa gəliblər.

Qeyd edək ki, "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin icrasına AMEA Botanika İnstitutu ilə BBBM arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə 2011-ci ildən başlanılıb. İlk mərhələsi uğurla başa çatan layihənin 2-ci mərhələsinə 2016-ci ildən  start verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.