www.science.az
11.01.2019 14:25

Naxçıvan Bölməsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan iclas keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 2019-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbir keçirilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanmasına diqqətin artırılması, elmi tədqiqatların kefiyyətinin yüksəldilməsi və tətbiqyönümlü işlərin həyata keçirilməsinin cari ildə qarşıda duran əsas vəzifələr olduğunu bildirib. Qeyd edib ki, 2019-cu ildə, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, flora və fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması üçün elmi ekspedisiyaların aparılması, habelə qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, ümumiləşdirici əsərlərin, monoqrafiya və kitabların hazırlanması əsas məsələlərdəndir.

Elmlə təhsilin inteqrasiyasından söz açan İ.Hacıyev bölmə əməkdaşlarının interaktiv və açıq dərslərdə yaxından iştirakının zəruriliyini vurğulayıb. O, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda əməkdaşların iştirakı, xarici ölkələrin və respublikanın elm, təhsil və digər müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, muzey və arxivlərdə araşdırmaların aparılması və digər tədbirlərin həyata keçirilməsi barədə tapşırıq verib.

Sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevTəbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında məlumat verib, il ərzində həyata keçirilməsi planlaşdırılan məsələləri müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.